İYULUN 20-DƏ ALİ MƏKTƏBLƏRİN IV İXTİSAS QRUPUNA QƏBUL İMTAHANLARI KEÇİRİLƏCƏKDİR
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildirmişlər ki, qurum iyulun 20-də Azərbaycan Respublikası ali məktəblərinin IV ixtisas qrupuna, Cəmşid Naxçıvanski adına Hərbi Liseyə (Bakı şəhəri), Heydər Əliyev adına Hərbi Liseyə (Naxçıvan şəhəri) və Orta Hərbi Tibb Məktəbinə qəbul imtahanları keçirəcəkdir.
Cari ildə IV ixtisas qrupu üzrə 17 min 164 abituriyent sənəd təqdim etmişdir. Onlardan 6 min 898 nəfəri oğlan, 10 min 266 nəfəri isə qızdır.
Cəmşid Naxçıvanski adına Hərbi Liseyə, Heydər Əliyev adına Hərbi Liseyə və Orta Hərbi Tibb Məktəbinə qəbul olunmaq üçün sənəd verən abituriyentlərin sayı 2 min 245 nəfərdir.
IV qrupa daxil olan 26 ixtisas üzrə 10 dövlət və 2 özəl ali məktəbdə mütəxəssis hazırlığı aparılacaqdır.
Sənəd verənlərin 15 min 410 nəfəri Azərbaycan bölməsinin, 1754 nəfəri isə rus bölməsinin məzunlarıdır. Bunlardan 10 min 813 nəfəri orta məktəblərin builki, 6 min 351 nəfəri isə əvvəlki illərin məzunlarıdır.
Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 131 abituriyent xarici ölkələrin vətəndaşıdır. 56 abituriyent ali təhsillidir və IV ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 418 abituriyent orta ixtisas məktəblərinin məzunudur.
Ən yaşlı abituriyent 1958-ci il, ən gənc isə 1993-cü il təvəllüdlüdür.
İmtahanın keçirilməsi üçün Bakı şəhərində 27, Naxçıvanda 3 bina ayrılmışdır. Bakı şəhərində 15 min 892, Naxçıvanda 1272 abituriyent imtahan verəcəkdir.
Bakı və Sumqayıt şəhərlərinin orta məktəblərindən 1383 nəzarətçi müəllimin iştirak edəcəyi imtahana 122 imtahan rəhbəri cəlb olunmuşdur.
IV ixtisas qrupu üzrə ümumilikdə qəbul planı 3 min 459, Azərbaycan bölməsi üzrə 2 min 48, rus bölməsi üzrə 316 və birgə müsabiqə aparılan ixtisaslar üzrə 1095 nəfərdir.
Statistik araşdırmalara əsasən, bu il təhsillərini IV ixtisas qrupu üzrə davam etdirmək arzusunda olanların sayı ötən illərlə müqayisədə daha çoxdur. Bu qrup üzrə 2006-2007-ci tədris ilində 13 min 163, 2007-2008-ci tədris ilində 13 min 174 və 2008-2009-cu tədris ilində isə 17 min 164 ərizə verilmişdir.
Ötən il IV ixtisas qrupu abituriyentlərinin Azərbaycan bölməsində 46 faizi 0-100 bal, 19,18 faizi isə 100-200 bal arasında nəticə göstərmişdir. Rus bölməsində bu rəqəmlər, müvafiq olaraq, 19,54 və 24,29 faiz olmuşdur. 285 abituriyent 600-dən yuxarı bal toplamışdır. Bu qrup üzrə ötən il ən yüksək göstərici 700 bal olmuşdur.
İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən IV ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaqdır. Həmin gün saat 19.30-da “Space” müstəqil televiziya və radio şirkətinin canlı efirində TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları barədə məlumat veriləcək və test tapşırıqları ilə bağlı bütün suallara aydınlıq gətiriləcəkdir. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları, eyni zamanda, TQDK-nın internet saytında yerləşdiriləcəkdir.
Test imtahanının nəticələri iyulun 22-23-də TQDK-nın internet saytında yerləşdiriləcəkdir. Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə bilər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin iş nömrələrini mobil telefonla “İmtahancell” xidmətinin “7727” nömrəsinə göndərməklə öyrənə bilərlər.
İxtisas seçimi iyulun 25-dən avqustun 5-dək internet vasitəsilə aparılacaqdır. Müsabiqəyə IV ixtisas qrupunda ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılacaqlar. Ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılması üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
Abituriyent “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”ni təsdiqləyənədək, öz ərizəsinə təkrar müraciət etməklə, seçdiyi ixtisasların siyahısında dəyişikliklər apara bilər (ixtisasların siyahısı “Abituriyent” jurnalının 3-cü nömrəsində dərc olunmuşdur).
Qəbul imtahanı verən və orta ixtisas məktəbinə daxil olmaq istəyən abituriyentlər ali məktəblərə yerləşdirmənin nəticələri elan olunduqdan sonra TQDK tərəfindən təyin olunacaq vaxtda internetlə orta ixtisas məktəblərinin ixtisaslarını seçə bilərlər. Həmin ixtisasların siyahısı yaxın günlərdə “Abituriyent” jurnalında dərc olunacaqdır.
TQDK tərəfindən yaradılmış apellyasiya komissiyası II qrup üzrə qəbul imtahanında ayrı-ayrı fənlər üzrə istifadə edilmiş test tapşırıqlarının məzmunu və imtahanın gedişi ilə əlaqədar müraciətlərə baxılması üçün iyulun 21-i və 22-də yazılı ərizələri qəbul edəcəkdir. İmtahanın gedişi ilə əlaqədar müraciətlər iyulun 28-dən avqustun 3-dək apellyasiya komissiyası tərəfindən araşdırılacaqdır.