İyunun 3-də IV respublika fənn müsabiqələrinin birinci mərhələsi keçiriləcək
Bakı, 2 iyun, AZƏRTAC
İyunun 3-də ümumtəhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında IV respublika fənn müsabiqələrinin birinci mərhələsi keçiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, IV respublika fənn müsabiqələrinin birinci mərhələsi paytaxt üzrə 9 mərkəzdə (26, 32, 114, 138, 139,189-190, 211, 271, 276 nömrəli tam orta məktəblər) təşkil olunacaq. Birinci mərhələdə Bakının ümumtəhsil müəssisələrindən Azərbaycan bölməsi üzrə 5 571, rus bölməsi üzrə 1 007 nəfər şagird olmaqla, ümumilikdə 6 580-dək şagirdin iştirakı nəzərdə tutulur.
Fənn müsabiqələrinin birinci mərhələsində şagirdlərə ancaq məntiqi təfəkkürü yoxlamaq məqsədilə tərtib edilən suallar təqdim olunacaq. Bu mərhələdə yüksək nəticə göstərən şagirdlər növbəti turda seçdikləri fənn üzrə (fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri) imtahan verəcəklər.
Final mərhələsinin nəticələrinə əsasən, qaliblər mükafatlandırılacaq.
Fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkarlanması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizədlərin müəyyən edilməsindən ibarətdir.