Joze Alesio Da Silva: Əsas vəzifəmiz “Avro-2022”nin final mərhələsinə yüksəlməkdir
Bakı, 2 sentyabr, AZƏRTAC
Komandamız normal rəqiblərlə üz-üzə gələcək. Püşkün nəticəsinə baxsaq, digər qruplarda daha güclü komandaların yer aldıqlarını görə bilərik.
AZƏRTAC xəbər verir ki, bu sözləri 2022-ci ildə Niderlandda təşkil olunacaq futzal üzrə Avropa çempionatının seçmə qrup mərhələsinin püşkatmasını dəyərləndirən Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva deyib.
Braziliyalı mütəxəssis qeyd edib ki, heç bir rəqib zəif deyil. Türkiyə-Yunanıstan cütünün qalibi bizim rəqibimiz olacaq. Dostum 4 ildir ki, Yunanıstan milli komandasında işləyir. Onun dediyinə inansaq, komandası cütün favoritidir. Nizam-intizamlı, gənclərdən ibarət komanda qurub. Slovakiya ilə növbəti dəfə qarşılaşacağıq. Onlarla ötən il dünya çempionatının əsas mərhələsinin oyununda qarşılaşdıq. Bakıda oynadığımız görüşdə 2:0 hesabı ilə qələbə qazansaq da, oyunun sonları çox çətin keçdi. Təcrübəli futzalçıları var, oyun zamanı az səhv edirlər. Həmin rəqiblə elit-raundun oyununda da üz-üzə gəldik və görüş 3:3 hesablı heç-heçə ilə yekunlaşdı. Son 1 ildə iki dəfə rəqib olduğumuza görə, bir-birimizi daha yaxından tanıyırıq. Moldovanı da təcrübəli, oturuşmuş heyəti olan komanda hesab edirəm. Onlarla da Bakıda qarşılaşdıq və çətin qələbə qazandıq. Əlbəttə, hər bir rəqibimizə, o cümlədən Moldovaya hörmətlə yanaşırıq. Qrupdan və rəqiblərdən razıyam. İndi hazırlıq planlarını qurmalı, bu şansı əldən verməməli, Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmalıyıq. Birinci yer uğrunda mübarizə aparacağıq. Amma əsas vəzifə final mərhələsinə yüksəlməkdir. Buna qədər ardıcıl 5 qitə birinciliyinin həlledici mərhələsində iştirak etmişik. Seriyanın qırılmasına imkan verməməliyik.
Qeyd edək ki, sentyabrın 2-də UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan püşkatmaya görə, yığmamız üçüncü qrupda Slovakiya, Moldova və Türkiyə-Yunanıstan cütünün qalibi ilə mübarizə aparacaq. Komandalar hər birində 4 iştirakçı olmaqla 8 qrupa bölünüb. Yekunda 8 qrup qalibi və ən yaxşı göstəriciyə malik 6 komanda həlledici mərhələyə birbaşa vəsiqə qazanacaq. Ən zəif göstəriciyə malik iki ikinci yerin sahibi isə pley-off görüşündə üz-üzə gələcək. Final mərhələsi 2022-ci il yanvarın 9-dan fevralın 6-dək Niderlandda keçiriləcək.