JURNALİSTLƏR ÖN CƏBHƏDƏKİ ƏSGƏRLƏRLƏ GÖRÜŞMÜŞLƏR
KİV nümayəndələri əvvəlcə Şəmkir rayonundakı hərbi hissənin həyətində ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoymuşlar.
Azərbaycanın dövlət himni səsləndikdən sonra brifinq keçirilmişdir.
ODMK-ın rəhbəri Emin Həsənli bildirmişdir ki, 20-dən çox mətbuat orqanının nümayəndələri ilk dəfədir ön xətdə hərbi xidmət keçən əsgərlərin şəraiti ilə tanış olurlar. O söyləmişdir ki, Qarabağ döyüşləri yenidən başlanarsa, klubun ətrafındakı müxbir ordusu da səfərbərliyə alınacaqdır. Jurnalistlərimiz ön cəbhədən reportaj hazırlamağa, xalqımızı, beynəlxalq aləmi dolğun və düzgün informasiya ilə təmin etməyə və ümumiyyətlə informasiya müharibəsi aparmağa artıq hazırdırlar.
Hərbi hissənin komandiri burada xidmətin təşkili haqqında ətraflı məlumat verərək bildirmişdir ki, düşmənlə döyüşlərdə xeyli əsgər və zabit şəhid vermiş hərbi hissə Azərbaycan Silahlı Qüvvələri sıralarında özünəməxsus yer tutur. Hissənin 21 əsgər və zabiti Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş, 43-ü “Azərbaycan bayrağı” ordeni, 174-ü medallarla təltif olunmuşdur.
Jurnalistlərin əsgərlərin bayram şənliyində iştirakı hərbi hissənin şəxsi heyətində böyük ruh yüksəkliyi yaratmışdır.
Jurnalistlər Gədəbəy rayonundakı hərbi hissədə düşmənlə üz-üzə dayanan əsgərlərə də baş çəkmişlər. Burada xidmətin dağlıq ərazidə olduqca sərt iqlim şəraitində keçməsinə baxmayaraq, əsgərlərimiz mövqelərində ayıq-sayıq dayanır, döyüş hazırlığını durmadan təkmilləşdirirlər. Onlar içdikləri hərbi anda sadiq qalaraq, Azərbaycan Respublikasının suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü əzmlə qoruyur, komandirlərinin bütün tapşırıq və əmrlərini layiqincə yerinə yetirir, hərb işinin sirlərini öyrənirlər.
Gecə-gündüz soyuq səngərdə Vətənin keşiyində şərəflə dayanan əsgərlərimiz bildirmişlər ki, hərbi hissə düşmən mövqeyinə yaxın yerləşsə də narahat deyillər, əksinə burada xidmət etməkdən şərəf və qürur duyur və düşmənə hər an zərbə endirməyə hazırdırlar. Əsgər və zabitlər onlar üçün yaradılmış şəraitdən, geyim və ərzaq təchizatından razı qaldıqlarını bildirmişlər.
KİV nümayəndələrinin Azərbaycan əsgərinin yataq şəraiti, qida təminatı ilə yaxından tanışlığı deyilənlərin həqiqət olduğunu təsdiqləmişdir. Azərbaycan əsgərinin yüksək döyüş hazırlığı jurnalistlərdə işğal edilmiş torpaqlarımızın tezliklə azad ediləcəyinə, düşmənin layiqli cavab alacağına əminlik yaratmışdır.
Jurnalistlər Gəncə şəhərindəki hərbi hissədə də ordu quruculuğunun sürətlə getdiyinin şahidi olmuşlar.
“N” saylı hərbi hissənin komandanlığı ordu ilə cəmiyyət arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə verdikləri töhfəyə görə bir qrup jurnalisti, o cümlədən AZƏRTAC-ın əməkdaşını fəxri fərmanla təltif etmişdir.