DÜNYA
Kanada döyüş silahlarının saxlanmasına və satışına qadağa qoydu
![Kanada döyüş silahlarının saxlanmasına və satışına qadağa qoydu](/files/2020/2/1200x630/15886186542373949969_1200x630.jpg)
Vaşinqton, 4 may, AZƏRTAC
Kanadanın Baş Naziri Castin Trüdo avtomatik döyüş silahlarının saxlanmasına, satışına və idxalına təcili qadağa qoyulması haqqında qərar verib. Fövqəladə qərar Yeni Şotlandiya əyalətində Qabriel Uortman adlı şəxs tərəfindən ölkə tarixində ən qanlı kütləvi qətl törətdildikdən sonra qəbul edilib.
AZƏRTAC xəbər verir ki, yeni qərar 1500 odlu silah növünü əhatə edəcək. “Bir çox ailələr, o cümlədən yerli sakinlər üçün odlu silah ənənəvi xarakter daşıyır. Əhalinin böyük əksəriyyəti ondan təhlükəsiz qaydada, məsuliyyətlə, qanun çərçivəsində - işdən ötrü, idman, ovçuluq, yaxud da kolleksiya yığmaq məqsədilə istifadə edir. Lakin maral vurmaq üçün AR-15 tüfəngi lazım deyil”, - deyə Baş Nazir bildirib.
Trüdo qeyd edib ki, hücum silah əldə etməkdən əsas məqsəd ən az vaxtda mümkün qədər çox insanı öldürməkdir. Belə silahlar müharibə vəziyyətində olmayan ölkənin vətəndaşlarının əlində olmamalıdır.
Xatırladaq ki, aprelin 18-də və 19-da Yeni Şotlandiya əyalətinin 51 yaşlı sakini stomatoloq Qabriel Uortman polis forması geyinərək 12 saat ərzində 22 insanı qətlə yetirib. O, həmçinin bir neçə ev yandırıb. Cinayətkar maşınla qaçmağa cəhd etsə də, uzun sürən təqibdən sonra yaxalanıb. Polisə müqavimət göstərən Uortman öldürülüb.
Hazırda Kanada Şimali Amerikada ikinci ən çox odlu silaha malik olan ölkədir və yalnız ABŞ-dan geridə qalır.
AZƏRTAC-ın Vaşinqton bürosu