Karantin günlərində İrəvan Teatrının fəaliyyətinə həsr olunmuş növbəti videokonfrans keçirilib
Bakı, 6 may, AZƏRTAC
Karantin günlərində Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivinin ev şəraitində ümumi fəaliyyətinin tənzimlənməsinin təşkili və bu qəbildən olan həlli vacib digər məsələlərin müzakirələrinə həsr edilmiş videokonfrans keçirilib.
Bu barədə AZƏRTAC-a teatrın mətbuat xidməti məlumat verib.
İrəvan Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev bildirib ki, ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədilə dövlət tərəfindən tətbiq edilən sosial izolyasiya tədbirləri əsasında Nazirlər Kabineti yanında təşkil olunmuş Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq mövcud karantin vəziyyətində insanların asudə vaxtının təşkili üçün Mədəniyyət Nazirliyi tərəfindən gerçəkləşdirilən “Evdə qal, tamaşa izlə” kreativ layihə çərçivəsində teatrımız tərəfindən sosial şəbəkə üzərindən aprel ayı üçün nəzərdə tutulmuş virtual repertuarla izləyicilərə uğurla tamaşalar təqdim olunub. İrəvan Teatrının “Facebook” səhifəsində canlı yayım vasitəsilə həftəiçi hər gün saat 12:00 və 19:00-da (təkrar) yayımlanan tamaşalar teatrsevərlər tərəfindən maraqla qarşılanıb. Ay ərzində nümayiş olunan 30 tamaşaya 14 min 628 tamaşaçı baxıb.
138-ci teatr mövsümünü yaşayan, həmişə öz repertuarında milli-vətənpərvərlik mövzulu əsərlərə önəm verən İrəvan Teatrı may ayı üçün nəzərdə tutulmuş virtual repertuar çərçivəsində yenidən izləyicilərə tamaşalar təqdim edir. Bunlardan Hidayətin “İrəvanda xal qalmadı”, İftixarın “Qurtuluş dastanı”, Aqşin Babayevin “Xilaskar”, J.B.Molyerin “Məcburən doktor”, İftixarın "Qanlı qızıl toy", Mirzə Fətəli Axundzadənin “Mürafiə vəkilləri”, İftixarın "Soyqırımı tarixinin dastanı" və s. digər maraqlı tamaşaları qeyd etmək olar.
Tamaşalar saat 12:00-da teatrın “Facebook” səhifəsində (https://www.facebook.com/irevanteatri/) paylaşılacaq link vasitəsilə teatrın “YouTube” kanalından (https://www.youtube.com/channel/UCFFw-B_FHYMUOZZ2ryc2jlg/videos) nümayiş olunur.
İftixar Piriyev, eyni zamanda, teatrda paralel olaraq Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir”, Qoşqar Narqabilin “Rəis və beş dul qadın” və U.Şeksprin “Kral Lir” əsərlərinin yaranmış vəziyyətə görə dayandırılmış məşqləri aprelin 18-dən “Zoom” proqramı vasitəsilə davam etdirilməsindən də danışıb.
Daha sonra konfransda direktor müavini Zivər Abbasova, teatrın baş rejissoru, Əməkdar artist Sərvər Əliyev, truppa müdiri Müdvər Nemətova, rejissor Nicat Mirzəzadə, ədəbi hissə müdiri Nərminə Ağayeva və başqaları çıxış edərək sağlamlığımız üçün yaratdığı şəraitə görə dövlətimizə öz minnətdarlıqlarını bildiriblər.