Karantin rejiminin yumşaldılması vətəndaşlardan daha böyük məsuliyyət tələb edir
Bakı, 4 may, AZƏRTAC
COVID-19 pandemiyası bu gün dünya əhalisinin həyat tərzinə qənim kəsilərək rahatlığı və ölkələrin iqtisadiyyatını diz çökdürməyi hədəfə alıb.
Özünün yüksək inkişafı, xalqının rifah səviyyəsi, elm və səhiyyə sistemləri ilə öyünən bir çox dövlətlər qısa müddətdə acınacaqlı duruma məruz qaldılar. Ancaq həmin dövlətlərdən, eləcə də yaxın qonşulardan fərqli olaraq Azərbaycanın mövqeyi kifayət qədər qənaətbəxşdir. Düşünürəm ki, ölkəmiz bu fəlakətli durumdan minimum itkilərlə çıxmağı bacaracaq. Prezident İlham Əliyevin idarəçilik, rəhbərlik bacarığı, Azərbaycan hökumətinin sağlam fikrə, ciddi nəzəri və praktiki analizə, dünya üzrə toplanmış təcrübəyə əsaslanan uzaqgörən qərarları, əhalinin sağlamlığının qorunması, təhlükəsizliyinin təmin olunması istiqamətində ölçülüb-biçilmiş qabaqlayıcı tədbirləri bunu deməyə əsas verir. Azərbaycanın nümunəvi təcrübəsi artıq bir çox ölkələr tərəfindən fəaliyyət proqramı kimi geniş şəkildə istifadə olunmaqdadır.
Lakin Azərbaycanın coğrafi mövqeyi, iqlim amilləri, virusologiya elmindən alınan bilgilər, virusun yayılmasının son günlərdə müxtəlif ölkələrdə baş verən ikinci dalğaları onu göstərir ki, əldə olunan uğurlara əsla arxayınlaşmaq olmaz.
Bu fikri AZƏRTAC-a müsahibəsində AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev söyləyib. O bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, yeni növ koronavirusun yayılmasında iqlim amili əhəmiyyət kəsb etmir. Lakin Azərbaycan ərazisində iki iqlim qurşağı altında 9 iqlim tipinin 6-sı altında yaşayan əhalimizə soyuqdəymə və s. nəticəsində immunitetin aşağı düşməsi ilə virusun dərhal hücum ehtimalı mütləqdir. Deməli, əhalinin bu tip iqlim zonaları arasında miqrasiya etməsi, tez-tez yerdəyişməsi xəstələnməyə səbəb ola bilər. Düzdür, bu dediklərimiz ehtimaldır, lakin səbəbə də çevrilə bilər. Ona görə pandemiyanın karantin dövründə əhalinin məskunlaşdığı yerdə qalması və ya həmin ərazidən çox da uzaqlaşmaması şərti ola bilir.
Xüsusilə yaşayış məntəqələri arasında əlaqələr imkan daxilində azaldılmalı, hətta lazım gələrsə, müəyyən müddət ərzində məhdudlaşdırıla bilər. Mövcud şəraitdə yumşalmaya doğru getdiyimiz dövrdə daha diqqətli və məsuliyyətli olmalıyıq. Bunu hamı dərk etməli, həm də icra etməlidir.
Hər bir icazə alan şəxs bütün qaydalara riayət etməklə nəzərdə tutduğu işi vaxtında yerinə yetirib evinə qayıtmalıdır. Müxtəlif üsullardan istifadə edərək küçəyə çıxanlar bilməlidirlər ki, onların bu hərəkəti yumşalmanın mahiyyətini aşağı salır. Pandemiyanın tez sona yetməsi vətəndaşların vəzifəsindən, yaşından, cinsindən asılı olmayaraq dövlətin qoyduğu karantin qaydalarına riayət etməsindən çox asılıdır. Tezliklə koronavirusdan qurtarmaq üçün hamı səfərbər olmalı, qaydalara ciddi əməl etməlidir. Əks halda bir nəfərin səhlənkarlığı yüzlərlə adamın yoluxmasına səbəb ola bilər. Bu məsuliyyəti hamı dərk etməlidir.
“Vətəndaş tutduğu əməlin cəzasını polis cəriməsi ilə yox, vicdanı, qeyrəti və namusu qarşısında hesabat verməklə anlamalıdır. Üzümü bütün insanlara tutaraq deyirəm: gəlin, karantin şərtlərini sərtləşdirməmək üçün Prezidentin həyata keçirdiyi tədbirlərə məsuliyyətlə yanaşaq”,- deyə alim bildirib.