Karrar dayaq məntəqəsində nadir bitkilərin canlı kolleksiyası yaradılır
Bakı, 4 may, AZƏRTAC
Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun Kürdəmir rayonunda yerləşən Karrar dayaq məntəqəsində Azərbaycan Respublikasının “Qırmızı kitabı”na daxil olan nadir bitkilərin canlı kolleksiyası yaradılır.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kolleksiyanın yaradılmasında məqsəd qiymətli bitki genofondunun qorunması və aid olduğu ərazilərə reintroduksiyasıdır.
İlkin tədqiqatlar üçün Botanika İnstitutunun Biomorfologiya və fitointroduksiya şöbəsinin əməkdaşları ekspedisiyada olublar. Ekspedisiya müddətində bioloqlar tərəfindən bitki nümunələri toplanılıb, fenoloji müşahidələr aparılıb, “Qırmızı kitab”a düşən növlərin monitorinqi həyata keçirilib. İlkin təyinata əsasən respublikanın müxtəlif ərazilərindən toplanmış 34 cinsə aid 55 növ (bu bitkilərdən 25-i “Qırmızı kitab”a daxil edilib) bitki və toxum materialı Karrar dayaq məntəqəsində kolleksiya üçün nəzərdə tutulan sahədə əkilib. Kolleksiyanın zənginləşdirilməsində institutun digər şöbə və laboratoriyalarının əməkdaları tərəfindən toplanan toxumlar öncədən dibçəklərdə cücərdilib və təcrübə sahəsində əkilib.