KATV1 kabel televiziyasının xidmətlərini internet və bank filialları vasitəsilə ödəmək mümkündür
Bakı, 14 may (AZƏRTAC). Artıq KATV1 kabel televiziyasının rəqəmsal yayım xidmətindən istifadə edən abunəçilər abunə haqlarını “Visa” və “Master Card” plastik kartları ilə internet vasitəsilə, yaxud bank filiallarında ödəyə bilərlər. Bu, Azərbaycanda ilk onlayn-ödəniş provayderi olan “GoldenPay” şirkəti ilə əməkdaşlıq nəticəsində mümkün olmuşdur.
KATV1 bu növ ödəniş imkanlarını təqdim edən ilk klassik kabel televiziya operatorudur.
İnternet vasitəsilə ödəniş etmək üçün www.katv1.az saytına daxil olaraq “Sposobı oplatı” bölümünə keçmək lazımdır.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, yeni vasitələrlə xidmət haqqını ödəmək istəyən abunəçilər şəhər telefonlarından 127 nömrəsinə zəng edərək öz tanınma kodlarını (ID kod) öyrənməlidirlər.
Yeni ödəniş imkanlarından yalnız rəqəmsal yayım abunəçiləri istifadə edə bilərlər.
Ətraflı məlumat üçün şəhər telefonlarından 127 (pulsuz) nömrəsinə zəng etmək olar.
KATV1 kabel televiziyası operatoru əhatə zonasını hər gün genişləndirir. Hazırda şirkət Bakı şəhərinin 11 rayonundan 9-da və Xırdalan şəhərində kabel televiziyası xidmətləri göstərir. Yaxın gələcəkdə Mingəçevir şəhərinin sakinləri də şirkətin xidmətlərindən istifadə edə biləcəklər.
“GoldenPay” ilk və təhlükəsiz internet ödəmə sistemi kimi, 50-dən artıq Azərbaycan şirkətinə xidmət göstərir. Fəaliyyət üçün “GoldenPay” aparıcı beynəlxalq ödəmə sistemləri olan “Visa International” və “MasterCard” tərəfindən lisenziya almışdır. Sistemdə dünyanın istənilən bankı tərəfindən emissiya olunmuş VISA/VISA Electron, MasterCard/Maestro kartları ilə ödəniş etmək mümkündür. Sistemin təhlükəsizliyinin gücləndirilməsi məqsədi ilə “VeriSign” SSL şifrələnməsindən istifadə olunur.