Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir
Bakı, 9 sentyabr, AZƏRTAC
Görkəmli teatr xadimi, rejissor, Xalq artisti Aleksandr Şarovski ilə Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında vida mərasimi keçirilir.
AZƏRTAC xəbər verir ki, vida mərasimində Mədəniyyət Nazirliyinin nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edirlər.
Qeyd edək ki, Aleksandr Şarovski sentyabrın 9-da 78 yaşında vəfat edib.
Mərhumun cənazəsi teatrın matəmsayağı bəzədilən səhnəsində postament üzərinə qoyulub.
Postamentin ətrafına Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, dövlət və hökumət təşkilatları adından əklillər düzülüb.
O, “Əməkdar artist” (1987), “Xalq artisti” (1998) fəxri adlarına layiq görülüb, “Şöhrət” (2008), “Şərəf” (2018) ordenləri, “Prezidentin fəxri diplomu” (2023) ilə təltif edilib. 2005-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.