Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov
Bakı, 9 sentyabr, AZƏRTAC
Türk xalqlarının ortaq mədəni-tarixi irsində ədəbiyyat, dil və mənəvi dəyərlər mühüm birləşdirici amillərdən biri kimi çıxış edir. Bu zəngin irsin müasir dövrdə layiqli davamçıları sırasında qırğız ədəbiyyatının dünya miqyasında tanınmış nümayəndəsi, böyük yazıçı Çingiz Aytmatov xüsusi yer tutur. Onun yaradıcılığı milli kimlik, tarixi yaddaş, ortaq türk mənəvi dəyərləri və ümumbəşəri ideyaların vəhdəti ilə seçilir.
Çingiz Aytmatov dünyaya ərazisi və əhalisi kiçik, lakin tarixi və mədəniyyətinin qədimliyinə görə haqqı böyük olan qırğız elindən baxmaqla bir xalqın timsalında dünya ədəbi-bədii fikrinin zirvəyə yüksəlməsini təmin etmişdir. Onun yaradıcılığı dünya ədəbiyyatında ümumi səciyyə daşısa da, bu sənət özünün spesifikasına, fərdiliyinə və s. xüsusiyyətlərinə görə daha çox fərqlənir. Yazıçının sənəti sadədir. Adi həyat hadisələrinə, bu hadisələrin sadəliklərinə fəlsəfi münasibət, zirvədən müşahidə etmək və daxilə enmək bacarığı Aytmatov sənəti üçün xarakterikdir.
Bu fikirlər filologiya elmləri doktoru, professor Elman Quliyevin Çingiz Aytmatovun yaradıcılığı ilə bağlı yazısında öz əksini tapıb. AZƏRTAC türk xalqlarının folkloru, adət-ənənələri və mədəni irsinə həsr olunan məqalələr silsiləsi çərçivəsində həmin yazıdan bəzi hissələri təqdim edir:
“Çingiz Aytmatov sənət və xalq qarşısında həmişə məsuliyyəti ilə seçilir. Bu da təsadüfi deyil. Yazılarının birində bunun səbəblərini o, belə açıqlayır: "İnsanlar mənə onların adından danışmaq hüququ veriblər, mən də bütün həyatım boyu sübut etməliyəm ki, onlar yanılmayıblar". Yazıçı istər tarixi, istərsə də müasir mövzulu əsərlərində insan taleyinə, insan maraqlarına geniş yer verir. Bu maraqları daha çox bəşəri ideallara uyğunlaşdırır, diqqəti əsl insan maraqlarının üz-üzə dayanması və toqquşmasına yönəldir, bu situasiyada mənanı açıqlayır. Onun yaradıcılığı üçün məqbul və səciyyəvi olan bu vəziyyətdə təsvir olunan hər hansı adi bir şey kəmiyyət və keyfiyyət etibarilə dəyişməyə məruz qalır. Müəllif öz idealı olan obrazların, aşılamaq istədiyi ideyaların həm faciəsini, həm qələbəsini bu durumda çatdırır.
"Cəmilə" (1958) povesti böyük ədəbiyyata böyük sənətkarın gəlişini təsdiq etdi. Ç.Aytmatov "Cəmilə"ni real həyat hadisələri əsasında qələmə almışdır. O, 1944-cü ildə gündüzlər dövlət işində çalışmaqla bərabər, gecələr sahələrdə kolxozçulara da kömək göstərmişdir. Bu dövrdə Cəmilə və Daniyarı şəxsən görmüş və onların sevgi macəralarına şahidlik etmişdir. Yazılması ilə ədəbi aləmdə "partlayışa" səbəb olan bu əsərin mərkəzində ovaxtkı ədəbi-tənqidi məqalələrdə qeyd olunduğu kimi, ailə-məişət qanunlarına zidd, qeyri-etik normaların təbliği dayanmırdı. Əksinə, "Cəmilə" povesti Lui Araqonun təbirincə desək, "məhəbbət haqqında yazılmış ən gözəl əsər" kimi dünyanı heyran qoydu. Povestdə təhkiyəni 15 yaşlı yeniyetmə aparır. Bu gənc oğlan yazıçının prototipidir. Onun təhkiyəsində oxucu Cəmilənin kimliyi, həyata baxışı, Daniyarla olan münasibətləri və s. haqqında məlumat əldə edir. Əsər boyu bütün digər hadisə və əhvalatlar, başqa obrazların xarakteri də bu təhkiyələrdə açıqlanır.
Ç.Aytmatov bir sənətkar kimi tarixə münasibətdə daha çox məsuliyyətli, həssas və diqqətli olub. O, bütün məqamlarda mənsub olduğu xalqın -qırğızların tarixinə, onun günümüzə qədər keçdiyi şərəfli yola, milli maraqlarına, ideallarına sədaqətli olmuş, bütün milli-mənəvi dəyərlərinə əsl vətəndaş-yazıçı mövqeyindən yanaşmışdır”.