Təhsil eksperti: Təhsilin müdafiəsi yalnız bir gün deyil, daim diqqətdə saxlanılmalıdır
Bakı, 9 sentyabr, AZƏRTAC
Təhsilin təhlükəsizliyinin təmin olunması və ona qarşı müxtəlif təhdidlərin qarşısının alınması qlobal əhəmiyyət daşıyan məsələlərdəndir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib. Ekspert bildirib ki, təhsil bütün xalqlar və cəmiyyətlər üçün strateji əhəmiyyət daşıdığından müxtəlif dövrlərdə bu sahəyə qarşı təhdidlər mövcud olub. Xüsusilə terror qruplaşmaları tərəfindən təhsil müəssisələrinin hədəfə alınması problemin qlobal xarakter daşıdığını göstərir. Məktəblərdən uşaqların oğurlanması, şagirdlərin girov götürülməsi, ümumtəhsil və ali təhsil müəssisələrinə hücumların həyata keçirilməsi bunun bariz nümunələridir.
“Bu, artıq yalnız ayrı-ayrı ölkələrin problemi deyil, qlobal xarakter daşıyan məsələdir. Hətta inkişaf etmiş ölkələrdə, o cümlədən Avropa və ABŞ-də məktəb və ali təhsil müəssisələrində terror hadisələrinin baş verdiyini görürük. Azərbaycanda da ali təhsil müəssisəsinə qarşı terror hadisəsi törədilib. Bütün bunlar təhsilin nə qədər həssas və strateji sahə olduğunu göstərir. Təhsilin müdafiəsi yalnız fiziki təhlükəsizliklə məhdudlaşmamalıdır. Müasir dövrdə sosial şəbəkələrdə və mediada təhsil haqqında yayılan qərəzli yanaşmalar da diqqətdə saxlanılmalı, bu istiqamətdə sistemli tədbirlər görülməlidir. Bəzi hallarda sosial şəbəkələrdə və mediada təhsillə bağlı qərəzli mövqelərin sərgiləndiyini müşahidə edirik. Bunu da müəyyən mənada təhsilə hücum kimi qiymətləndirmək olar. Çünki belə yanaşmalar cəmiyyətin təhsilə münasibətinə təsir göstərir”, - deyə Məzahir Məmmədli bildirib.
Ekspert hesab edir ki, BMT tərəfindən Təhsilin Hücumdan Beynəlxalq Müdafiəsi Gününün təsis edilməsi də problemin beynəlxalq miqyasda aktuallığını göstərir. Bu məsələ yalnız sentyabrın 9-da xatırlanmamalı, ilboyu gündəmdə saxlanılmalıdır. Təhsilin müdafiəsi hər gün diqqətdə saxlanılmalı olan məsələdir. Hər bir ölkənin təhsilin qorunması, onun təhlükəsizliyinin təmin edilməsi və bu sahədə qərəzli yanaşmaların qarşısının alınması ilə bağlı özünün konseptual yanaşması olmalıdır. Dünya ölkələri də bu istiqamətdə vahid mövqe nümayiş etdirməli və sistemli şəkildə əməkdaşlıq etməlidirlər.
Müxbir - Nərmin Muradzadə