BDU-nun biotexnologiya ixtisasını seçən tələbə: Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm
Bakı, 9 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetini seçməyimin əsas səbəbi güclü elmi və akademik mühitə malik olmasıdır. Biotexnologiya ixtisasının tədrisinin ingilis dilində aparılması da mənim üçün böyük üstünlükdür. Düşünürəm ki, BDU-da əldə edəcəyim biliklər gələcəkdə elmi istiqamətdə inkişaf etməyim üçün mühüm baza yaradacaq.
BDU-dan AZƏRTAC-a bildirilib ki, bu fikirləri bu il 622,7 bal toplayaraq BDU-nun biotexnologiya ixtisasına qəbul olan Aydan Namazlı deyib. Bakı şəhəri 245 nömrəli tam orta məktəbi yüksək göstəricilərlə bitirən Aydan Namazlı biologiya və tibb sahələrinə xüsusi marağının ixtisas seçimində əsas rol oynadığını deyib.
Aydan Namazlı biotexnologiyanın biologiya və müasir texnologiyaları birləşdirən, insan sağlamlığına və müxtəlif elmi istiqamətlərə töhfə verən perspektivli sahə olduğunu bildirib. Onun sözlərinə görə, qəbuldan əvvəl biotexnologiyanı əsasən biologiya, genetika və texnologiyanı birləşdirən bir sahə kimi təsəvvür edib, lakin araşdırdıqca bu istiqamətin daha geniş imkanlara malik olduğunu anlayıb.
“Biotexnologiya ixtisasının tibbi biotexnologiya, genetika, mikrobiologiya kimi sahələri əhatə etməsi mənim üçün xüsusilə maraqlıdır. Düşünürəm ki, biotexnologiya gələcəkdə daha da inkişaf edəcək və mən də bu inkişafın bir hissəsi olmaq istəyirəm.
Gələcəkdə Azərbaycanda elmi-tədqiqat mərkəzlərində, laboratoriyalarda və ya klinikalarda çalışmaq, seçəcəyim istiqamət üzrə araşdırmalar aparmaq istəyirəm. Hazırda əsas məqsədim universitetdə yaxşı təhsil almaq, özümü həm nəzəri, həm də praktiki baxımdan inkişaf etdirmək və elmi fəaliyyətə hazırlaşmaqdır. 622,7 bal mənim üçün uğurlarımın başlanğıcıdır. Bundan sonra da üzərimdə işləyərək daha böyük nəticələr əldə etməyə və seçdiyim sahədə faydalı mütəxəssis olmağa çalışacağam”, - deyə Aydan Namazlı əlavə edib.