“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır
Pekin, 9 sentyabr, AZƏRTAC
Çinin ingilisdilli “China Daily” qəzeti Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW) barədə məqalə dərc edib.
Çinin nüfuzlu nəşri sıx əməkdaşlıq etdiyi AZƏRTAC-ın təqdim etdiyi materiala istinadən yazır ki, qlobal iqlim çağırışlarına cavab verən həllərin təşviqinə və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə həsr olunan tədbir bu il ilk dəfə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İqlim Həftəsi ilə paralel keçirilib.
Qeyd olunub ki, artıq üçüncü dəfə keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi hökumət və özəl sektor nümayəndələrini, investorları, beynəlxalq təşkilatları, akademik dairələri, vətəndaş cəmiyyətini, gəncləri və digər tərəfləri bir araya gətirib. Məqalədə açılış mərasimində Azərbaycanın Energetika və Xarici İşlər nazirliklərinin rəsmilərinin, COP29, COP30 və COP31 sədrliyinin təmsilçilərinin, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC), Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (IRENA) və digər beynəlxalq qurumların nümayəndələrinin iştirak etdiyi bildirilib. Tədbirdə COP29-dan COP31-ə keçid mərhələsində iqlim gündəliyində əldə olunmuş dinamikanın qorunmasının, qəbul edilmiş öhdəlik və təşəbbüslərin praktiki nəticələrə çevrilməsinin, eləcə də bütün maraqlı tərəflər arasında əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Diqqətə çatdırılıb ki, Bakı İqlim Fəaliyyəti Həftəsi ildən-ilə daha böyük miqyasda və daha zəngin proqramla keçirilir. BCAW2026 daha geniş sektor və iştirakçı qruplarını bir araya gətirərək iqlim gündəliyinin prioritetlərini konkret fəaliyyət, tərəfdaşlıq və investisiya imkanları ilə əlaqələndirməyə fokuslanır.
Qeyd edək ki, çap versiyası və rəqəmsal platformalar üzrə yüz milyonlarla oxucusu olan nüfuzlu “China Daily” qəzeti təkcə Çində deyil, həmçinin dünyada ingilis dilində nəşr edilən ən populyar qəzetlərdən biridir. Onun xarici ölkələrdəki oxucularının sayı Çindəki oxucularından çoxdur.
İki il əvvəl VI Dünya Media Sammiti çərçivəsində AZƏRTAC ilə “China Daily” arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Nəşr Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı uğurlar haqqında AZƏRTAC-ın onlarla materialını öz internet səhifəsində yerləşdirib.