Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası
AZƏRTAC Xurşidbanu Natəvana həsr olunan yazılar silsiləsini davam etdirir
Bakı, 9 sentyabr, AZƏRTAC
Xurşidbanu Natəvan Azərbaycan şeir sənətinin gözəl ənənələrini ləyaqətlə davam etdirən və klassik irsə dərindən yiyələnən sənətkarlardan olub. Şairin zəkasını ədəbiyyatımızdakı böyük şəxsiyyətlərin dühası ilə bağlayan da elə ondakı fitri istedad, sənəti duymaq qabiliyyəti və görkəmli sənətkarlardan öyrənərək yaratmaq istəyidir. Şeirlərindəki orijinallıq, bədii təsir qüvvəsi Natəvana Füzuli, Vaqif və Zakirin şagirdi adını qazandırmışdır. Sənət aləmində Natəvanın özünəməxsus yeri var idi. O, sənətə yeni hiss gətirib. Şair, həyat hadisələrinə, təbiət gözəlliklərinə yeni məzmun və məna verməyə can atıb, qəzəlin gözəl nümunələrini yaradaraq, ona müxtəlif rənglər, çalarlar əlavə edib.
Bəylər Məmmədovun müəllifi olduğu, Mustafa Çəmənlinin isə “Ön söz” yazdığı “Xurşidbanu Natəvan” kitabında şairənin həyatı və yaradıcılığı ilə yanaşı, onun ayrı-ayrı şeirlərinin mövzu və ideya xüsusiyyətləri, poetik dünyası da geniş təhlil olunur. AZƏRTAC həmin məqamları oxuculara təqdim edir.

Ümumiyyətlə, Xurşidbanu, "Natəvan" təxəllüsündən bəlli olduğu kimi, şeirimizə narahat ilhamla, şikayətçi ruhla gəlib. Şair hansı mövzuda yazırsa-yazsın Azərbaycan qadınlarının yanıqlı fəryadını, şikayətlərini öz qəzəllərinin ahənginə, ətinə-qanına hopdurmuş, həyatın ən nəşəli, gözəl çağlarını belə narahatlıq, nigarançılıq fonunda əks etdirib.
Xurşidbanunun şəxsi həyatı da ona zəngin material və tükənməz mövzu verib. O, öz şeirlərini həqiqi ilhamla, atəşin məhəbbətlə yazıb, hər bir mövzunu işləyərkən sözçülükdən qaçıb, əsərlərində eyni mövzu və həyat hadisələrinin, eləcə də fikir və ifadələrin yersiz təkrarına yol verməyib:
Dilbəra, dərdi-dilimdən belə ünvan etdim,
Ki, qəmi-hicrdə dil mülkünü viran etdim – beyti ilə başlanan qəzəlində Natəvan onu məşğul edən, ruhunu oxşayan fikirlərin, qəlbində oyanan bakir duyğuların tərənnümünü yanıqlı, məftunluq hissi ilə, həm də yeni məna və şəkildə verməklə oxucusunu dərindən düşündürməyə çalışır:
Ya təbib adını tərk eylə, təbabət etmə!
Ya mənim dərdimi tap, gör niyə tüğyan etdim?
Yoxdur bir kimsə məgər dərdimi bilsin, ya rəb
Ki, mən öz qanım ilə dərdimə dərman etdim.
Dərdi-hicrində gözüm yaşı tutub dünyanı,
Nuh tufanı kimi gör ki, nə tufan etdim.
Şair eşqdən tüğyan edən dərdinin şəfasını təbiblərdə axtaranlara hiddətlənir, dərd həmdəmi tapa bilməyib, qanlı göz yaşları ilə təsəlli tapır; o qədər ağlayır ki, axtardığı göz yaşları "Nuh tufanı" kimi aləmi qərq edir. Burada "göz yaşı"ndan "Nuh tufanı"nın yaranması kimi mübaliğəli təsvir, Natəvan kədərinin, qüssəsinin intəhasız, ondakı məhəbbətin sonsuz olduğunu təsəvvürümüzdə canlandırır.
Məlumdur ki, Natəvan şeirlərinin xeyli qismi ənənəvi məhəbbət mövzusuna həsr edilib. Bu mövzu Natəvan şeirlərində dərin hissləri, sevgi motivlərini, eşq və sevda duyğularını tərənnüm etmək üçün ən başlıca vasitə olub. Xurşidbanu real insan hissələrini, ictimai hadisələrə münasibətini məhəbbət çərçivəsində ifadə edib, arzu etdiyi aləmi real həyatda, yaşadığı mühitdə görmədiyindən, onu eşq aləmində axtarmağa çalışıb.
Natəvanın məhəbbət mövzusunda yazdığı şeirlərdə könül iztirabları, göz yaşları ilə bərabər, insan ləyaqətinin təmizliyinə, insan mənəviyyatının saflığına və gözəlliyə yüksək qiymət verilib, eyni zamanda, şairin öz taleyindən, zəmanəsindən şikayət və narazılığı ustalıqla əks etdirilib.
Xurşidbanunun vəsf etdiyi eşq insanlara sədaqət, inam, etiqad və səmimiyyət aşılayan, onu həyata, yaşamağa çağıran, məna və məzmunca yüksək bir eşqdir. Həmişə pak və təmiz sevgi, düz etiqad və ilqar, azad məhəbbət Natəvan şeirlərinin aparıcı xəttini təşkil edib.