KEÇDİYİ HƏYAT YOLUNA ÜZAĞLIĞI İLƏ BAXMAĞA HAQQI OLAN ALİM
AZƏRTAC xəbər verir ki, aprelin 9-da Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə filologiya elmləri doktoru, professor Vaqif Arzumanlının anadan olmasının 60 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.
Yubilyarın yüksək ünsiyyət istedadına malik olduğunu diqqətə çatdıran institutun direktoru, akademik Bəkir Nəbiyev bildirmişdir ki, o, ədəbi elmi-mədəni əlaqələrimizin inkişafında yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Alimin Litva-Azərbaycan ədəbi əlaqələrinin tarixinə müraciət etməsi ədəbiyyatımız üçün tam yeni sahə idi. O, qısa müddətdə özünü layiqli tədqiqatçı kimi təsdiqləyərək, Baltikyanı ölkə xalqları ədəbiyyatının bir parçasını Azərbaycan elminin, oxucularının üzünə açmışdır.
V.Arzumanlının Azərbaycan ədəbiyyatının korifeyləri ilə bağlı əhəmiyyətli tədqiqat işləri apardığını diqqətə çatdıran natiq, onun böyük şairimiz Səməd Vurğunun əsərlərini, “Kitabi-Dədə Qorqud”u Litva dilinə tərcümə edərək nəşr etdirməsinin ölkələrimiz arasında ədəbi əlaqələrin inkişafında mühüm rolunu vurğulamışdır.
İnstitut direktorunun müavini, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı “Vaqif Arzumanlının həyat və yaradıcılığı” mövzusundakı məruzəsində demişdir ki, alimin tədqiqat obyekti çoxşaxəlidir. 25-dən artıq kitab və monoqrafiyası, çoxlu sayda məqaləsi elmi və ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. Ədəbiyyat sahəsindəki işləri onun tərcüməçilik fəaliyyəti ilə də diqqəti cəlb edir.
Məruzədə yubilyarın fəaliyyəti elm təşkilatçısı kimi də dəyərləndirilmişdir. Vurğulanmışdır ki, V.Arzumanlı respublikamızda Elmlər Akademiyası sistemində milli münasibətləri araşdıran yeni bir elmi strukturun yaradılması istiqamətində də səmərəli fəaliyyət göstərmiş, 1991-ci ildə yaradılmış müvafiq institutun təşkilatçı direktoru olmuş, 1992-ci ildən isə həmin institutun direktoru vəzifəsinə seçilmişdir. 2000-2002-ci illər arasında AMEA-nın Milli Münasibətlər İnstitutunun direktoru işləmişdir. 20-dən artıq elmlər namizədi və doktoru yetişdirmişdir.
Tədbirdə Milli Məclisin deputatı, xalq şairi Sabir Rüstəmxanlı, Litvanın ölkəmizdəki səfiri Kestutis Kudzmanas, şair-publisist Teyyub Qurban, xalq şairi Söhrab Tahir və başqaları yubilyarı təbrik etmiş, onun elmi tədqiqatlarının müxtəlif istiqamətlərindən danışmışlar. Onlar alimin geniş ictimai fəallığından da söz açmışlar.
V.Arzumanlı təşkilatçılara və iştirakçılara minnətdarlığını bildirmişdir.