Keçmiş arvadını qəsdən öldürməyə cəhd edən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib
Bakı, 20 avqust, AZƏRTAC
İyunun 4-də Salyan şəhər sakini Cəmilə Əsgərovanın kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.
Salyan Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, istintaqla zərərçəkmişin keçmiş əri Xəyal Əsgərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Cəmilə Əsgərovaya mətbəx bıçağı ilə müxtəlif bədən xəsarətləri yetirərək onu qəsdən öldürməyə cəhd göstərdiyi müəyyənləşdirilib.
Xəyal Əsgərov Cinayət Məcəlləsinin 29, 120.1-ci (adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.