İQTİSADİYYAT
Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan vətəndaşları olan əmanətçiləri ilin sonunadək müvafiq ərizə və sənədlərini “Kapital Bank”ın şöbə və məntəqələrinə təqdim etməlidirlər
Bakı, 29 noyabr (AZƏRTAC). Azərbaycan Respublikası Prezidentinin "Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında" Fərmanına uyğun olaraq, 2012-ci ilin iyunun 1-dən keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında 1992-ci il yanvarın 1-i tarixinə əmanət qalığı olan Azərbaycan Respublikasının vətəndaşlarına fərdi birdəfəlik ödəmələrin verilməsinə başlanmışdır.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Fərmanda ərizələrin son qəbul tarixi 2012-ci il dekabrın 31-i nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Maliyyə Nazirliyi bir daha tövsiyə edir ki, keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan vətəndaşları olan əmanətçiləri qeyd olunan müddət ərzində “Kapital Bank”ın şöbə və məntəqələrinə müvafiq ərizə və sənədlərini təqdim etsinlər.
Ərizələrin qəbulu istirahət günləri olan 2012-ci il dekabrın 29-u, 30-u və 31-də də həyata keçiriləcəkdir. Həmin müddətdən sonra müraciətlər qəbul edilməyəcək və onlara baxılmayacaqdır.
Qəbul olunmuş ərizələr üzrə fərdi birdəfəlik ödəmələr 2013-cü ildə həyata keçiriləcəkdir.