DÜNYA
Keçmişdə Marsda nəhəng okean olmuşdur
Bakı, 22 sentyabr (AZƏRTAC). İllinoys alimləri sübut etmişlər ki, keçmişdə Marsda çox böyük okean olmuşdur. Alimlər NASA zondlarının topladığı məlumatlara əsaslanaraq tədqiqat prosesində Marsın relyefinin kompyuter modelini yaratmışlar. Bunun sayəsində Marsdakı dərələrin ən dəqiq xəritəsini əldə etmək mümkün olmuşdur. Aydın olmuşdur ki, bütün bu dərələr və vadilər əslində əvvəllər ehtimal edildiyindən iki dəfə çoxdur.
Tədqiqatçılar belə güman edirlər ki, dərələrin belə böyük şəbəkəsi keçmişdə planetin şimal yarımkürəsində çox böyük bir okeanın mövcud olduğu halda meydana çıxa bilərdi. Belə halda bu dərələr yalnız sahilə yaxın olan yerlərdə əmələ gəlməli idi.
Hələ keçən əsrin 70-ci illərində Marsda okeanın mövcudluğu barədə fərziyyələr irəli sürülmüşdü, amma geoloqlar bu barədə yekdil fikrə gələ bilməmişdilər. Tədqiqatçılar təsdiq edirlər ki, əldə olunmuş məlumat Marsda okeanın mövcud olduğunu təsdiq edən sanballı əsasdır.
Həmçinin bu yaxınlarda Danimarka alimləri də Marsda vaxtilə okean olduğunu təsdiqləmişlər. Onlar öz tədqiqatları üçün okeanın dibinin spektral təhlilinə dair məlumatlardan istifadə etmişlər. Nəticədə məlum olmuşdur ki, şimal dərələrdə kalium, dəmir və torium Qırmızı planetin cənub yarımkürəsindəkindən çoxdur.