Kəngərli rayonunda il ərzində idman sahəsində görüləcək işlərlə bağlı tədbirlər planı təsdiqlənib
Kəngərli, 31 yanvar, AZƏRTAC
Kəngərli rayonunda 4602 nəfər idmanla məşğul olur. Sağlamlıq imkanları məhdud 41 uşaq və gənc də idmana cəlb olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu faktlar 2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirədə verilən tapşırıqların icrası və qarşıda duran vəzifələrlə əlaqədar Kəngərli Rayon İcra Hakimiyyətində keçirilən yığıncaqda rayon icra hakimiyyətinin başçısı Kamal Ələkbərov tərəfindən səsləndirilib.
Kamal Ələkbərov muxtar respublikada, o cümlədən Kəngərli rayonunda bədən tərbiyəsi və idmanın inkişafına göstərilən diqqət və qayğıdan, yaradılan şəraitdən danışaraq qeyd edib ki, hazırda rayonda şahmat məktəbi, Uşaq-Gənclər İdman Məktəbi, mərkəzi stadion, süni örtüklü mini futbol meydançası, məktəblərdə müasir idman zalları və açıq idman qurğuları mövcuddur. İdmana göstərilən qayğının nəticəsi olaraq, 2018-ci ildə rayon mərkəzi stadionu əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Muxtar respublikada fəaliyyət göstərən 12 federasiyanın rayon bölmələri yaradılıb.
Rayonda 2018-ci ildə idman sahəsində əldə olunan uğurlardan bəhs edən Kamal Ələkbərov bildirib ki, boks üzrə keçirilən muxtar respublika birinciliklərində rayonu təmsil edən komandanın 5 üzvü ayrı-ayrı çəki dərəcələri üzrə I və III yerlərə layiq görülüb, kikboksinq üzrə keçirilən muxtar respublika birinciliyində iştirak edən 6 idmançı isə I, II və III yerlərin sahibi olublar. Uşaq-gənclər şahmat məktəbinin yetirməsi Pərviz Rzayev Türkiyə və İranda keçirilən beynəlxalq şahmat yarışlarında iştirak edərək uğurlu nəticələr qazanıb.
Müşavirədə qarşıya qoyulmuş vəzifələrdən danışan icra hakimiyyətinin başçısı diqqətə çatdırıb ki, rayonda müasir idman infrastrukturun, hərtərəfli şəraitin yaradılmasına baxmayaraq, hələ də mövcud imkanlardan lazımınca istifadə olunmur. Qarşıya qoyulmuş vəzifələrin icrası üçün rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, federasiyaların rayon bölmələri öz fəaliyyətlərini gücləndirməlidirlər. Aidiyyəti qurumlar tərəfindən rayonda idmanın müxtəlif növlərinin inkişaf etdirilməsi, gənclərin idmana cəlbi, idman yarışlarının kütləviliyinin artırılması işi diqqətdə saxlanılmalı, müxtəlif növlər üzrə rayon birinciliklərinin keçirilməsi davam etdirilməli, muxtar respublika, ölkə və beynəlxalq səviyyəli yarışlarda rayon idmançılarının iştirakı təmin edilməlidir. Gənclər və İdman İdarəsi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi ilə birgə tədbirlər keçirməli, sağlamlıq imkanları məhdud idmançıların rayonun və muxtar respublikanın idman həyatına daha fəal inteqrasiyasına nail olunmalıdır. Ümumtəhsil məktəblərində fiziki tərbiyə dərslərinin tədrisinə nəzarət artırılmalı, Uşaq-Gənclər Şahmat və İdman Məktəbinin fəaliyyəti gücləndirilməli, idman yarışları və müxtəlif idman oyunları müvafiq federasiya bölmələri ilə birlikdə təşkil edilməlidir.
Tədbirdə Kəngərli rayonunda 2019-cu il ərzində idman sahəsində görüləcək işlərlə bağlı tədbirlər planı təsdiqlənib.
Müzakirə olunan məsələ ilə əlaqədar çıxışlar dinlənilib.
Tədbirin sonunda ötən il yüksək nəticələr əldə edən idmançılara hədiyyələr təqdim olunub.