Kərəm Həsənov: Hazırda 16 elektron xidmət vətəndaşların və hüquqi şəxslərin istifadəsindədir
Şəki, 15 noyabr (AZƏRTAC). Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli Fərmanının icrasını təmin etmək məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsi ötən ildən etibarən elektron xidmətlərin tətbiqinə başlamışdır. Bu ildən etibarən belə xidmətlərin tətbiqi genişləndirilmiş və keyfiyyət dərəcəsi artırılmışdır. Hazırda 16 elektron xidmət vətəndaşların və hüquqi şəxslərin istifadəsindədir. Bu xidmətlərdən bir çoxu “Elektron hökumət” portalına inteqrasiya edilmiş, bu xidmətləri özündə cəmləşdirən portal istifadəyə verilmişdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Şəkidə bölgə vətəndaşlarının qəbulu zamanı jurnalistlərə müsahibəsində demişdir.
Komitə sədri bildirmişdir ki, ölkə rəhbərliyi tərəfindən vətəndaşlara şəffaf, çevik və səmərəli xidmətlərin göstərilməsi ilə bağlı dövlət orqanlarına ciddi tapşırıqlar verilmişdir. Vətəndaşlara göstərilən xidmətlərin elektron formaya keçirilməsi, vətəndaş-məmur münasibətlərinin müasir üsullarla aparılması, proseduraların və müddətlərin azaldılması əsas tələblər kimi qarşıya qoyulmuşdur.
Kərəm Həsənov demişdir: “Artıq elektron xidmətlər sayəsində vətəndaşlar birbaşa öz evlərindən, heç bir yerə getmədən, əlavə vaxt sərf etmədən daşınmaz əmlakını qeydiyyatdan keçirmək üçün internet vasitəsi ilə on-layn müraciət edə bilirlər. Portalın istifadəyə verilməsi əhaliyə daha çevik, şəffaf, operativ və etibarlı xidmətlərin göstərilməsini təmin edir. Elektron xidmətlərə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması, məhdudiyyət (yüklülük) arayışının alınması, ipotekanın və lizinqin qeydiyyatı, daşınmaz əmlak obyektlərinin ünvanları barədə arayışların alınması üçün elektron müraciətlərin qəbulu, dövlət əmlakının qorunması və istifadəsi vəziyyəti barədə illik xüsusi hesabatların elektron qəbulu kimi interaktiv və informativ xidmətlər daxildir”.
Komitə sədri diqqətə çatdırmışdır ki, artıq bu xidmətlər vasitəsilə Bakı və respublikanın müxtəlif bölgələrindən 7500-ə yaxın müraciət daxil olmuşdur. Hazırda elektron xidmətlərin sayının artırılması üzərində işlər aparılır. Dövlət əmlakının özəlləşdirilməsi və hərracların keçirilməsi sahəsində yeni elektron xidmətlərin təşkilinə dair təkliflər hazırlanır. Komitə tərəfindən daha 11 elektron xidmətin təşkili və istifadəyə verilməsi nəzərdə tutulur. Əsas hədəf vətəndaşlara göstərilən xidmətin keyfiyyətini yüksəltmək, bu sahədə şəffaflıq və çevikliyi daha da artırmaqdır. Nəticə etibarilə məqsəd dövlət tərəfindən aparılan ictimai etimad və vətəndaş məmnunluğunun daha da gücləndirilməsi xəttinə töhfə verməkdir.