KİAMP Platforması ilə İstanbul Yeni Yüzyıl Universiteti əməkdaşlıq edəcək
İstanbul, 4 avqust, AZƏRTAC
“Karabakh is Azerbaijan” Milli Platformasının (KİAMP) Türkiyə Baş Koordinatorluğunun nəzdində fəaliyyət göstərən “Qarabağ Azərbaycandır” Koordinasiya Dərnəyi ilə İstanbul Yeni Yüzyıl Universiteti arasında strateji əməkdaşlığa dair memorandum imzalanıb.
AZƏRTAC xəbər verir ki, memorandumu KİAMP-ın Türkiyə üzrə baş koordinatoru, dərnəyin sədri Elvin Abdurahmanlı və İstanbul Yeni Yüzyıl Universitetinin İqtisadi və inzibati elmlər fakültəsinin dekanı, professor Sevgi Kalkan imzalayıblar.
Sənəd elm, təhsil, akademik əməkdaşlıq, birgə elmi-tədqiqat layihələrinin hazırlanması, seminar və konfransların təşkili, akademik təcrübə mübadiləsi, tələbələrin təcrübə imkanlarının genişləndirilməsi, eləcə də beynəlxalq layihələrin həyata keçirilməsini nəzərdə tutur.
Bununla bağlı AZƏRTAC-a açıqlama verən Elvin Abdurahmanlı bildirib ki, memorandum Azərbaycan ilə Türkiyə arasında elmi və akademik əməkdaşlığın daha da möhkəmlənməsinə, Türk dünyasında akademik inteqrasiyanın genişlənməsinə və yeni birgə layihələrin həyata keçirilməsinə töhfə verəcək.
Qeyd edək ki, memorandumun təhsil, elm, beynəlxalq münasibətlər və sosial inkişaf sahələrində uzunmüddətli əməkdaşlığın inkişafına xidmət edəcəyi gözlənilir.