Kiberfiziki sistemlərin kiberdayanıqlığının qiymətləndirilməsi məsələləri tədqiq olunur

Bakı, 9 aprel, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarı keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Elmi seminarda institutun baş elmi işçisi texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostat “Kiberfiziki sistemlərin kiberdayanıqlılığının təmin edilməsi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda tədqiqat işini təqdim edib. O, kiberfiziki sistemlərin informasiya texnologiyalarının kibertəhlükəsizliyinin və əməliyyat texnologiyalarının qorunmasının təmin edilməsi üsulları və alqoritmlərinin işlənildiyini diqqətə çatdırıb. “Bu məqsədlə ekstremal maşın təlimindən istifadə etməklə kiberfiziki sistemlərə kiberhücumların klassifikasiyası metodu, klassifikatorlar ansamblından istifadə etməklə DoS hücumlarının aşkarlanması metodu və kiberhücumlarda vizual təsvirlərə əsaslanan zərərli proqram təminatının aşkarlanması alqoritmi işlənmişdir”, - deyə tədqiqatçı vurğulayıb.
Məruzəçi qeyd edib ki, iyerarxik gizli Markov modelləri əsasında kiberfiziki sistemlərin əməliyyat texnologiyalarında anomaliyaların aşkarlanması metodu, kiberfiziki sistemlərin cihazlarında vizual təsvirlərə əsaslanan nasazlıqların təsnifat metodu işlənib.
L.Suxostatın sözlərinə görə, kiberfiziki sistemlərin kiberdayanıqlığını qiymətləndirmək üçün bir sıra metodlar təklif olunub. O, bu yanaşmalar arasında Bayes hücum qrafiki əsasında kiberfiziki sistemlərin funksional komponentlərinin zəifliklərinin kritikliyini müəyyən etmək üçün metodun, o cümlədən “Suqeno” qeyri-səlis inteqralından istifadə edən risklərinin qiymətləndirilməsi metodunun işlənildiyini diqqətə çatdırıb.
Qeyd edək ki, bu tədqiqat Lyudmila Suxostatın texnika elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işi üzrə alınmış elmi-nəzəri nəticələrdir.
Elmi məsləhətçi, akademik Rasim Əliquliyev çıxış edərək dissertasiya işi çərçivəsində aparılmış tədqiqatlara münasibətini bildirib. Alim kiberfiziki infrastrukturun kiberdayanıqlılığının təmin edilməsi problemləri üzrə çap olunmuş məqalələri və əldə olunan elmi-nəzəri nəticələri yüksək qiymətləndirib, tədqiqat işinə dair təklif və tövsiyələrini səsləndirib.
Tədqiqat işinə dair müzakirələr aparılıb, suallar cavablandırılıb.