ELM VƏ TƏHSİL
Kimyaçı alimin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib
Bakı, 27 sentyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin və Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun təşkilatçılığı ilə “Neft kimyasının və yağların texnologiyasının müasir problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Tədbir akademik Məhərrəm Məmmədyarovun 100 illik yubileyinə həsr edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransda “Neft-kimya sintezi və kataliz”, “Sintetik, yarımsintetik, mineral baza yağları, yanacaqlar, onlara qatılan aşqarlar və komponentlər”, “Antimikrob və antibakterial təsirli kimyəvi reagentlər”, “Neft-kimya proseslərində süni intellekt, optimallaşma və riyazi modelləşmə” bölmələri üzrə məruzələr dinlənilib, müzakirələr aparılıb.
Konfransın açılışında institutun baş direktoru akademik Vaqif Abbasov görkəmli alimin Azərbaycan kimya elminin inkişafındakı xidmətlərindən, bu sahənin inkişafına verdiyi töhfələrdən danışıb.
Sonra Sintetik yağlar laboratoriyasının müdiri dosent Fatma Əliyevanın “Böyük alim, müdrik insan” mövzusunda məruzəsi dinlənilib.
Tədbirdə Azərbaycan, Gürcüstan və Rusiyadan olan alimlər çıxış ediblər.