KİNOOPERATOR TEYYUB AXUNDOVUN XATİRƏ GECƏSİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 8-də “İbrus” teatrında kinorejissor, əməkdar incəsənət xadimi Teyyub Axundovun xatirə gecəsi keçirilmişdir. Tədbiri Dövlət Film Fondu Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə təşkil etmişlər.
Gecəni açan Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi, rejissor Cəmil Quliyev bildirmişdir ki, Böyük Vətən Müharibəsinin veteranı, istedadlı operator Teyyub Axundov milli operatorluq məktəbimizin parlaq nümayəndələrindən biridir. T.Axundov 15 yaşında ikən “Azərbaycanfilm” kinostudiyasına gəlmiş və təsadüfən Cəfər Cabbarlı ilə görüşmüşdür. İşıq ustası işləyən T.Axundov ömrünü həmişəlik kino ilə bağlamağı qərara almışdır. Lakin müharibə onun planlarının gerçəkləşməsini bir neçə il ləngitdi. T.Axundovun cəbhə yolu Rumıniya, Macarıstan, Çexoslovakiyadan keçmiş, müharibədən ona yaralar, çoxlu hərbi kinoxronika kadrları yadigar qalmışdı.
Kinoşünas, əməkdar mədəniyyət xadimi Aydın Kazımovun sözlərinə görə, artıq müharibədən sonra T.Axundov Ümumittifaq Dövlət Kinemotoqrafiya İnstitutunun operatorluq fakültəsinə daxil olmuşdur. O, bir neçə nəslin sevə-sevə baxdığı 20-ə yaxın film çəkmişdir. “Onu bağışlamaq olarmı?”, “Sehirli xalat”, “Romeo mənim qonşumdur”, “Qatır Məmməd”, “Görüş” və digər filmlər Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxil edilmişdir.
Xatirə gecəsində T.Axundovun çəkdiyi filmlərdən parçalar göstərilmişdir.