Kitabxanada inklüziv məkanın yaradılması istiqamətində işlər davam edir
Bakı, 4 aprel, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında inklüziv məkanın yaradılması istiqamətində işlər davam edir. Bu çərçivədə l qrup əlliliyi olan rəssam, kitabxananın fəal oxucusu Ülkər Şərifovanın ikinci fərdi rəsm sərgisi açılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə rəssamın kətan üzərində akril və pambıq saplarla qədim Şəki sənətinin (XVl-XVlll əsrlər) hovlu üsulu ilə işlənilən əsərləri nümayiş olunur. Ekspozisiyada “Xurşidbanu Natəvan”, “Nizami Gəncəvi” “Fərhad və Şirin”, “Şuşaya qayıdış” kimi əsərlər yer alıb.
Qeyd edək ki, Ülkər Şərifovanın sənət əsərləri daha əvvəl əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzində də nümayiş olunub.
Sərgi kitabxanada bir ay davam edəcək.