MƏDƏNİYYƏT
Kitabxananın paylaşımları sosial şəbəkələrdə xarici izləyicilər tərəfindən də maraqla izlənilir
![Kitabxananın paylaşımları sosial şəbəkələrdə xarici izləyicilər tərəfindən də maraqla izlənilir](/files/2020/2/1200x630/1588589348826619690_1200x630.jpg)
Bakı, 4 may, AZƏRTAC
Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 nömrəli filialının karantin günlərində fəaliyyəti sosial şəbəkələrdə maraqla izlənilir.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, kitabxananın zəngin kitab fondundakı Azərbaycan mədəniyyəti, incəsənəti, ədəbiyyatı, tarixi, ictimai, siyasi xadimləri haqqında olan məlumatları özündə əks etdirən kitablarının sosial şəbəkələrdəki hesablarında yerləşdirilən foto və videoları həm yerli, həm də əcnəbi izləyicilərin marağına səbəb olub.
Türkiyənin Elazığ şəhərinin sakini Şener Bulut kitabxananın "Facebook" hesabındakı Azərbaycanın böyük şairi Almas İldırım haqqında olan videoçarxı izləyərək onu şairin Türkiyədə yaşayan oğlu Azər Almasa və digər qohumlarına da baxmaq üçün tövsiyə edib. Xatırladaq ki, Şener Bulut Türkiyənin "TRT Avaz" kanalında mütəmadi olaraq əslən Qala kəndindən olan qürbət şairimiz Almas İldırım haqqında verilişlər hazırlayır və bu verilişlərdə çox zaman şairin Şüvəlanda yaşayan qardaşı oğlu Hacıağa müəllim də iştirak edir. Aparılan danışıqlar əsasında karantin bitdikdən sonra kitabxanada Almas İldırım yaradıcılığı ilə bağlı olaraq birgə tədbirlər keçirilməsi haqqında razılığa gəlinib.
Bundan əlavə, kitabxana sosial şəbəkələrdəki hesablarında paylaşımlar edərkən həm yerli, həm də beynəlxalq haştaqlardan istifadə etdiyi üçün əcnəbi izləyicilərinin də sayı kifayət qədərdir.