Kiyevdə azsaylı xalqların nümayəndələrinə ermənilərin mədəniyyət abidələrinə qarşı vandalizm əməlləri barədə məlumat verilib
Kiyev, 30 oktyabr, AZƏRTAC
Ukrayna Azərbaycanlıları Radasında azsaylı xalqların nümayəndələrinin görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, “Kiyev-tolerantlıq və həmrəylik şəhəri” adlı dəyirmi masa Kiyev Şəhər Dövlət Administrasiyasının Mədəniyyət Departamenti, Ukrayna Azərbaycanlıları Radasının və Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunub.
Tədbirdə Özbəkistan, Qırğızıstan, Gürcüstan, Afrika, yəhudi və digər azsaylı xalqların icma rəhbərləri iştirak ediblər.
Ukrayna Azərbaycanlıları Radası (UAR) haqqında görüş iştirakçılarına məlumat qurumun Baş katibi Ceyhun Məmmədov birgə və koordinasiyalı fəaliyyətin alternativinin olmadığını bildirib. “Azərbaycanlılar Ukraynada təkcə say çoxluğu ilə deyil, həm də məqsədyönlü fəaliyyətləri ilə öndə olan bir toplumdur. Bizim gücümüz bizim birliyimizdədir”, - deyən C.Məmmədov Azərbaycan naminə, Ukrayna naminə fikirdə, sözdə və işdə birliyin önəmini vurğulayıb.
Azərbaycanın 44 günlük zəfər savaşı barədə dəyirmi masa iştirakçılarına məlumat verən Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sədr müavini Nataliya Kudryaşova ermənilərin dinc əhaliyə və mədəniyyət abidələrinə qarşı törətdikləri vandalizm əməllərindən danışıb.
Sonra gündəlikdəki məsələlərin müzakirəsi aparılıb. Azsaylı xalqların nümayəndələri müxtəlif təkliflərlə çıxış ediblər.
Görüşün sonunda qonaqlar Ukrayna Azərbaycanlıları Radasında erməni işğalçıları tərəfindən törədilən vandalizm əməllərini əks etdirən “Qarabağda Urbisid” adlı fotosərgi ilə tanış olublar.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev