SİYASƏT
Knessetdə və İsrail Hökumətində Azərbaycan Milli Məclisinin komissiya sədri ilə görüşlər olmuşdur
![](/files/galleryphoto/2013/3/1200x630/14079268551583750074_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/1407926855560971536_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/14079268556513364840_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/14079268556301143869_1200x630.jpg)
Bakı, 14 noyabr (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov noyabrın 13-də İsrailə gəlmişdir. Onun səfəri Azərbaycanın Müstəqillik Gününə həsr edilmiş və “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası (Azİz) tərəfindən Heydər Əliyev Fondunun və İsrail Xarici İşlər Nazirliyinin dəstəyi ilə təşkil olunmuş tədbirlər çərçivəsində keçirilir.
“Azİz” assosiasiyasından AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Parlamentinin üzvü səfər çərçivəsində bir sıra görüşlər keçirmişdir. İsrail-Azərbaycan Parlamentlərarası Komissiyasının sədri, ŞAS partiyasından Knessetin deputatı Amnon Koen ilə görüşdə parlamentlərarası əlaqələrin perspektivləri müzakirə olunmuş, parlamentarilərin qarşılıqlı səfərləri barədə razılıq əldə edilmişdir.
Sonra Səməd Seyidovu İsrail Knessetinin sədri Yuli Edelşteyn qəbul etmişdir. İsrail parlamentinin spikeri qonağı salamlayaraq azərbaycanlı həmkarı Oqtay Əsədova ən xoş arzularını, habelə Prezident İlham Əliyevin yenidən ali dövləti vəzifəyə seçilməsi münasibətilə şəxsi təbriklərini çatdırmağı xahiş etmişdir. İsrail və Azərbaycan parlamentlərinin Avropa İttifaqı və Avropa Parlamenti kimi beynəlxalq təşkilatlarda birgə işinin perspektivləri müzakirə edilmişdir.
İsrail hökumətinin başçısı Binyamin Netanyahu Səməd Seyidovu baş nazirin dəftərxanasında qəbul etmişdir. İsrailin Baş naziri Azərbaycan Parlamentinin bu cür yüksək səviyyəli nümayəndəsinin İsrailə səfərindən məmnun olduğunu bildirmişdir. Netanyahu demişdir: “Sizin İsrailə səfəriniz bir daha sübut edir ki, ölkələrimiz arasında əlaqələr düzgün istiqamətdə davam edir”.
O, ümidvar olduğunu bildirmişdir ki, bu əlaqələrin daha da intensivləşməsi və çoxtərəfli qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün hər iki tərəf maksimum səy göstərəcəkdir.
İsrail parlamentində ifrat sağçı “Yəhudi evi” sionist partiyasını təmsil edən fraksiyanın rəhbəri, parlamentin vitse-spikeri Sukran ilə görüş Səməd Seyidovun İsrail görüşlərinin son akkordu olmuşdur. Sukran dost ölkənin parlamentinin nümayəndəsi ilə tanış olduğuna görə çox şad olduğunu bildirmişdir.
Bütün görüşlərdən sonra azərbaycanlı qonaq Knessetin binasına ənənəvi ekskursiya etmiş, məşhur yəhudi rəssamı Mark Şaqalın qobelenləri ilə tərtib edilmiş əsas zalda olmuşdur.