İQTİSADİYYAT
KOBİA: Şəhadətnamə alan bəzi startaplar maliyyə sıxıntısı səbəbindən fəaliyyətsizdir
Bakı, 29 sentyabr, AZƏRTAC
Startaplara şəhadətnamələrin verilməsi, onların 3 il müddətinə vergilərdən azad olunması işin tam həlli demək deyil.
AZƏRTAC xəbər verir ki, bu sözləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədr müavini Samir Hümbətov deyib.
O bildirib ki, son iki ildə KOBİA tərəfindən 58 startap şəhadətnaməsi verilib: “Şəhadətnamə verilən KOB subyektlərinin bir qismi fəaliyyət göstərmir. Startaplardan maliyyə sıxıntısı çəkdikləri üçün fəaliyyətdə olmayanları var. Gələcək fəaliyyətimizdə məhz onların maliyyələşdirilməsi məsələsinə, investisiyaların qoyulmasına ciddi diqqət yetirməliyik ki, startaplar tərəfindən həyata keçirilməli olan innovativ layihələr reallaşsın və ölkə iqtisadiyyatında öz yerlərini tuta bilsinlər”.
S.Hümbətov vurğulayıb ki, KOBİA nağdsız əməliyyatlara üstünlük verir, onların stimullaşdırılmasına dəstək olur: “Biz mikro, kiçik və orta sahibkarlığın inkişafı üçün əlimizdəki maliyyə və qeyri-maliyyə alətlərindən istifadə edirik. Bundan başqa, elektron platformaların yaradılmasına, insanlara göstərilən xidmətlərin asanlaşdırılmasına çalışırıq. Hazırda bir neçə platforma üzərində işləyirik, bir neçəsi isə istifadəyə verilib. Həmçinin KOBİA-nın regionlarda istifadəyə verdiyi KOB evlərində də xidmətlər elektronlaşdırılır. Yeri gəlmişkən, yaxın vaxtlarda Bakıda da KOB evi istifadəyə veriləcək”.