Kollecdə tələbələr fövqəladə hallara hazırlıqla bağlı məlumatlandırılıb
Gəncə, 2 mart, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Aqrar Kollecində (GDAK) Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzi, Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) birgə təşkilatçılığı ilə 1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunan tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tələbələrin də iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Daha sonra FHN-in Gəncə Regional Mərkəzinin Mülki müdafiə idarəsinin rəisi polkovnik-leytenant Bəhayi Nəsirov, ADAU-nun Tədris işləri üzrə prorektoru Əhməd Məlikov, Gəncə Regional Mərkəzinin rəis müavini, polkovnik-leytenant Rauf Abbasov, Gəncə Şəhər İcra Hakimiyyətinin sektor müdiri Yadigar Bədəlov, GDU-nun Ekologiya və Təbiəti mühafizə kafedrasının müdiri Sevda Əhmədova, ADAU-nun Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri Eldar Zeynalov, Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Hüriyət İsmayılova, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçisi Mais Vəliyev, “Gəncə Avtomobil zavodu” İB-nin mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov və Gəncə Qızıl Aypara Regional Cəmiyyətinin koordinatoru İsmayıl Əsədov çıxış ediblər.
Çıxışlarda diqqətə çatdırılıb ki, Ümumdünya Mülki Müdafiə Günü cəmiyyətin fövqəladə hallara hazırlığının artırılması, əhalinin təhlükəsizliyinin təmin olunması və ətraf mühitin qorunması sahəsində maarifləndirmənin gücləndirilməsi məqsədi daşıyır. Tədbir mülki müdafiə sisteminin əhəmiyyətini bir daha diqqətə çatdırmaqla, risklərin azaldılması, operativ reaksiya bacarıqlarının inkişaf etdirilməsi və insanların fövqəladə vəziyyətlər zamanı düzgün davranış vərdişlərinin formalaşdırılmasına xidmət edir.