Komitə sədri Qazaxda yerləşən dini ibadətgahların fəaliyyəti ilə tanış olub










Bakı, 20 may, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov mayın 19-da Qazax şəhərindəki Cümə və rayonun Çaylı kəndindəki “Səxavət” məscidlərinin, həmçinin Aslanbəyli kəndində yerləşən Hacı Mahmud Əfəndi türbəsinin fəaliyyəti ilə tanış olub.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Ramin Məmmədov din xadimləri ilə görüşlərində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə milli-mənəvi dəyərlərin, tolerantlıq ənənələrinin, dini müxtəlifliyin qorunması sahəsində ardıcıl tədbirlərin həyata keçirildiyini vurğulayıb. Qeyd edib ki, dini etiqad azadlığının təmin edilməsi, dövlət-din münasibətlərinin qanunvericilik bazasının təkmilləşdirilməsi, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi, dini icmalar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətlərində əhəmiyyətli addımlar atılıb. O, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun işğaldan azad olunmuş ərazilərimizdə tarixi-dini abidələrimizin, ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması istiqamətində uğurlu layihələr həyata keçirdiyini bildirib.
R.Məmmədov, həmçinin din xadimlərinin fəaliyyətinin ölkədə mövcud olan tolerantlıq mühitinin inkişafında mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, din xadimləri İslam dininin əsaslarının cəmiyyətə çatdırılmasında, dindən destruktiv məqsədlər üçün istifadə olunmasının qarşısının alınmasında fəal olmalı, mənfi tendensiyalara qarşı mübarizəyə, ideoloji sahədə aparılan maarifləndirmə işlərinə töhfələrini verməlidirlər.
Din xadimləri dövlətin dini-mənəvi dəyərlərin qorunması və təşviqi sahələrində atdığı addımları, eyni zamanda, dini maarifləndirmənin genişləndirilməsi və multikultural dəyərlərin təbliği istiqamətlərində həyata keçirdiyi layihələri dəstəklədiklərini vurğulayıblar. Dini icmalar və müxtəlif konfessiyalar arasında qarşılıqlı etimadın dərinləşməsi, həmrəyliyin möhkəmləndirilməsinin dövlət maraqları və ictimai mənafelər baxımından vacib əhəmiyyətə malik olduğunu qeyd ediblər.