KONSTİTUSİYA MƏHKƏMƏSİNDƏ YUBİLEY KONFRANSI BAŞA ÇATDI
Bakıda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 5 illiyinə həsr olunmuş “Demokratik dəyərlərin müdafiəsindəKonstitusiya Məhkəməsinin rolu” mövzusunda konfrans iyulun 15-də öz işini başa çatdırmışdır. Amerika Hüquqşünaslar Assosiasiyası (ABA-CEELİ), Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) və Avropa Şurasının Venesiya Komissiyası ilə birgə keçirilən konfransa Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkin sədrlik etmişdir. Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin hakimi Qadis Hacıyev “Rusiya Federasiyasında konstitusiya məhkəmə icraatına İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təsiri”, Macarıstan Respublikası Prezident Aparatı rəhbərinin müavini Piter Pakjolay “Macarıstan Konstitusiya Məhkəməsinin təcrübəsində qanunun aliliyi prinsipi”, Litva Respublikası Konstitusiya Məhkəməsinin sədri Eqidiyus Kuris “Litva Respublikası Konstitusiya Məhkəməsinin qərarları hüququn mənbəyi kimi”, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) “Keçid dövrü ölkələrində hüquq islahatları” layihəsinin rəhbəri Rolf Kniper “Konstitusiya məhkəmələri tərəfindən insan hüquqlarının müdafiəsi qanunun aliliyinin möhkəmləndirilməsinə xidmət edən töhfə kimi” mövzularında məruzə ilə çıxış etdilər. Məruzə ətrafında müzakirələrdən sonra Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Avropa Şurası Venesiya Komissiyasının katibi Canni Bukikkio və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) “Keçid dövrü ölkələrində hüquq islahatları” layihəsinin rəhbəri Rolf Kniper yekun nitqləri söylədilər. Prezidentin İcra Aparatının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Ali Məhkəmənin sədri Südabə Həsənova və başqa rəsmi şəxslər konfransda iştirak edirdilər.