KONSTİTUSİYA MƏHKƏMƏSİNİN SƏDRİ İNSAN HÜQUQLARI SAHƏSİNDƏ AZƏRBAYCAN–UKRAYNA ƏMƏKDAŞLIĞINI YÜKSƏK QİYMƏTLƏNDİRMİŞDİR
Qonaqları salamlayan Konstitusiya Məhkəməsinin sədri bildirmişdir ki, Azərbaycanda insan və hüquq azadlıqlarının müdafiəsi sahəsində mühüm nailiyyətlər əldə olunmuşdur. Ölkələrimizin Konstitusiya Məhkəmələri arasında sıx əlaqələr vardır. Biz müxtəlif beynəlxalq təşkilatlarda, xüsusən Avropa Şurasının Venesiya Komissiyasında insan hüquqları sahəsində Azərbaycan–Ukrayna əməkdaşlığını yüksək qiymətləndiririk.
Ölkəmizdə hüquq və azadlıqları pozulmuş şəxslər, məhkəmələr, habelə insan hüquqları üzrə müvəkkil 2002-ci il avqustun 24-də referendum yolu ilə Azərbaycan Respublikasının Konstitusiyasına edilmiş dəyişikliklər nəticəsində Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək hüququ əldə etmişlər. Hazırda onlar bu hüquqlardan geniş istifadə edirlər. Konstitusiya Məhkəməsi artıq ombudsmanın iki sorğusunu icraata qəbul etmiş və bu barədə qərardad çıxarmışdır.
Söhbət zamanı Fərhad Abdullayev Ermənistanın ölkəmizə təcavüzü nəticəsində yaranmış bir milyondan artıq qaçqın və məcburi köçkünün konstitusiya hüququnun pozulması haqqında qonaqlara ətraflı məlumat verərək bildirmişdir ki, Azərbaycan xalqı münaqişənin sülh yolu ilə, beynəlxalq hüququn normaları çərçivəsində həllinə tərəfdardır.
Ukrayna Ali Radasının insan hüquqları üzrə müvəkkili Nina Karpaçova səmimi görüş üçün minnətdarlığını bildirərək, Ukrayna Konstitusiya Məhkəməsi sədrinin salamlarını çatdırmışdır. Qonaq Azərbaycanda Konstitusiya Məhkəməsində fərdi şikayət institutunun yaradılmasını yüksək qiymətləndirmiş, ölkələrimizin ombudsmanları arasında əməkdaşlığının vacibliyini vurğulamışdır.
Qəbulda Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova iştirak etmişdir.