Könüllülük hərəkatı ölkəmizdə geniş vüsət alıb
Xaçmaz, 28 noyabr, Elxan Yusifli, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, dövlət orqanlarında gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq məqsədilə ölkəmizdə könüllülük hərəkatı geniş vüsət alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Xaçmaz Rayon İcra Hakimiyyətində gənc könüllülərlə keçirilən görüşdə danışılıb.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev dövlət qulluğunda çalışmağın məsuliyyətli və şərəfli olduğunu vurğulayaraq, ölkəmizdə gənclərin yaradıcı və innovativ potensialının üzə çıxarılmasının dəstəkləndiyini qeyd edib. Bildirilib ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə bəzi idarə, müəssisə və təşkilatlara cəlb olunmuş könüllülər ictimai işlərdə fəal iştirak edərək, fəaliyyət göstərdikləri sahələrdə təcrübə qazanıblar.
Görüşdə icra hakimiyyətində fəaliyyət göstərən könüllülərin gördükləri işlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, könüllülər daxili nizam-intizam qaydalarına ciddi əməl edərək, verilən tapşırıqları vaxtında yerinə yetirirlər.
Sonda rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev könüllülərə icra hakimiyyətinin sertifikatlarını təqdim edib.
Könüllülər onlara yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.