Kristof Kastaner: Fransa polisi Amerika polisi deyil
Paris, 9 iyun, AZERTAC
Qətiyyətlə deyirəm, rasizmin cəmiyətimizdə, xüsusilə də respublika polisi sıralarında yeri yoxdur. Fransa polisi Amerika polisi deyil. Bir neçə nəfərin qəbuledilməz hərəkətlərinə görə bütöv bir qurumun təhqir edilməsinə imkan verməyəcəyəm.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Fransa Daxili İşlər naziri Kristofer Kastaner “irqçilik və polisin günahlandırılması” mövzusu ilə bağlı mətbuat konfransında deyib.
Bildirib ki, rasizmə qarşı tolerantlıq olmamalıdır. Etik qaydaların pozulmasına yol vermək olmaz. Hər bir rasist ifadəsi və aktının dərhal nəzərə alınmasına dair jandarmeriya və milli polis rəhbərliyinə göstəriş verilib.
Qeyd edib ki, kimliyin yoxlanması zamanı piyada kameralarından istifadə gücləndirilməlidir. Həmçinin nazir diqqətə çatdırıb ki, boyundan tutmaq və ya boyun və kəllədən təzyiq etmək kimi metodlardan istifadə və “boğmaq” adlanan metod polis məktəblərində tədris olunmayacaq.
K.Kastaner rəhbərlik etdiyi qurumun irqçi olduğunu söyləməkdən imtina edib, ancaq irqçi polis məmurlarının olduğunu təsdiqləyib.
Daxili İşlər naziri milli polis baş müfəttişliyinin irqçi və seksist əməlləri “yumasına” dair fikri rədd edərək, yeni “inspeksiya islahatları”na başlandığını bildirib. Həmçinin irqçi aktların cəzasız qalmasına dair fikirləri rədd edərək polis sıralarında “rasist ifadə və aktlarla” bağlı araşdırma aparılmasını tələb etdiyini diqqətə çatdırıb.
Qeyd edək ki, son günlər Fransada 8 min polisin sosial şəbəkələrdə qrup halında birləşərək irqçi və seksist ifadə və aktlar etməsinə dair məlumatlar yayılıb. Hətta bəzi polislər həmkarları tərəfindən təhqir edildiklərini bildiriblər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris