Kuala Lumpurda yaşayan azərbaycanlı icma fəalından maraqlı Zəfər Günü təbriki
Tokio, 5 noyabr, AZƏRTAC
Malayziyada yaşayan Azərbaycan icmasının fəallarından Gülçöhrə Rao 8 Noyabr - Zəfər Gününün birinci ildönümü ərəfəsində xalqımızın bayram sevincinə maraqlı təşəbbüslə qoşulub.
AZƏRTAC xəbər verir ki, peşəkar kulinar olan G.Rao bu əlamətdar bayram münasibətilə “Zəfər tortu” hazırlayaraq öz sevincini bölüşmək üçün Azərbaycanın Kuala Lumpurdakı səfirliyinə gəlib.
Diplomatlarımızı möhtəşəm bayram münasibətilə təbrik edən G.Rao deyib: “8 Noyabr-Zəfər Günü xalqımızın tarixində ən parlaq qəhrəmanlıq səhifəsidir. Uzun illərdir işğal altında olan torpaqlarımızı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında azad etdik. Bu gün üçrəngli bayrağımız o müqəddəs torpaqlarda yenidən qürurla dalğalanır. Şuşadan və digər işğaldan azad edilmiş ərazilərdən yenə əzan səsi gəlir, vətəndaşlarımız yenə keçmişdə olduğu kimi öz dədə-baba torpaqlarında böyük iftixarla azad şəkildə gəzirlər. Bir azərbaycanlı üçün bundan böyük xoşbəxtlik ola bilərmi?”
Özünün həm də bir ana olduğunu xatırladan G.Rao deyib ki, övladlarım bu tarixi günün əhəmiyyətini dərindən dərk etmələrini arzulayır: “Bayram sevincini övladlarımla yaddaqalan şəkildə yaşamaq üçün belə qərara gəldim ki, bu əlamətdar günü bacardığım ən yaxşı iş ilə qeyd edim. “Zəfər tortu” adlı bir keks hazırladım. Fikirləşdim ki, Azərbaycandan uzaqda olsam da, Malayziyada Azərbaycanı təmsil edən səfirliyimiz bizim Ana Vətənimizin bir hissəsidir. Bu səbəbdən də, bu gün burada diplomatlarımızla bayram sevincimizi bərabər bölüşürük. Mən bu əziz bayram günündə yaxında və uzaqda olan bütün həmvətənlərimizi ürəkdən təbrik edir, qəhrəman xalqımıza, qüdrətli Ali Baş Komandanımıza möhkəm cansağlığı, xoşbəxtlik və yeni uğurlar arzulayıram”.
Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov belə bir nəcib təşəbbüsə və vətənpərvərlik nümayişinə görə soydaşımıza səfirlik adından təşəkkür edib. G. Raoya və onun ailəsinə, eləcə də bu əziz tarixi günü vətəndən uzaqda qeyd edən bütün azərbaycanlılara xoş bayram əhval ruhiyyəsi və yeni nailiyyətlər arzulayıb.
Səfir İ.Davudov G.Raoya həvəsləndirici hədiyyə təqdim edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio