KUKLA TEATRLARININ FESTİVALI: CIRTDAN KÜÇƏSİNDƏ BAYRAM
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi respublika kukla teatrları Həftəsinin açılışı mərasimi iyunun 16-da A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının foyesində həm balacaları, həm də yaşlıları uşaqlıq dünyasına aparan nağıl personajlarının iştirak etdiyi epizodların nümayişi ilə başlanmışdır.
Mərasimi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açmışdır. O bildirmişdir ki, 16 iyun əlamətdar gündür, - 1931-ci ilin məhz həmin günündə, yəni düz 77 il bundan əvvəl kukla teatrı yaradılmışdır. Uzun onilliklər ərzində teatrın binası köhnəlmişdi, lakin indi əsaslı təmirdən sonra o, uşaqlara onların sevimli qəhrəmanlarını yenidən qaytara biləcəkdir. Nazir ümidvar olduğunu bildirmişdir ki, teatrın texniki təchizatının yaxşılaşdırılması truppanın yaradıcılığına, tamaşaların keyfiyyətinə xeyli dərəcədə təsir göstərəcəkdir.
A.Şaiq adına Kukla Teatrı “Nağıllar aləmində” (müəllif və quruluşçu rejissor Elşad Rəhimzadə, quruluşçu rəssam Rəvanə Abbasovadır) kompozisiyasını təqdim etmişdir. Qeyd etmək lazımdır ki, tamaşada müxtəlif kuklalardan - marionetlərdən, əlcəkli, qamış və mexaniki kuklalardan istifadə edilmişdir. Cırtdanın sehrli aləmi uşaqların gözləri önündə canlanaraq onlara sevinc bəxş edirdi.