Kürdəmir rayonunun 47 yaşayış məntəqəsində əhalinin tibbi müayinəsi başa çatmışdır
Kürdəmir, 15 aprel (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əhalinin kütləvi surətdə pulsuz tibbi müayinəsi ilə əlaqədar müvafiq tapşırığı Kürdəmir rayonunda da uğurla icra olunur.
Rayon icra hakimiyyəti başçısının müavini, kütləvi tibbi müayinənin təşkili komissiyasının üzvü Vəsilə Əsgərli AZƏRTAC-a bildirmişdir ki, indiyədək Kürdəmirdə 80739 nəfər müayinədən keçmişdir. Bu isə rayon üzrə müayinəyə cəlb olunması nəzərdə tutulan sakinlərin 73,3 faizini təşkil edir. Ümumiyyətlə, rayonun 47 kənd yaşayış məntəqəsində müayinə başa çatmışdır.
Hazırda kampaniya müvafiq qrafik əsasında davam etdirilir. Ayrı-ayrı təşkilatlarda çalışanlar və onların ailə üzvləri, qəsəbə, kənd yaşayış məntəqələrinin sakinləri hər gün müasir tibbi avadanlıqla təchiz olunmuş rayon mərkəzi xəstəxanasında, onun poliklinika şöbəsində, Karrar və Mollakənd xəstəxanalarında, habelə 6 həkim məntəqəsində müayinədən keçirlər. Təcrübəli həkimlərdən ibarət səyyar briqadalar da bu sahədə ciddi səy göstərirlər.
Tibbi müayinə olunanlardan 1174-ü ambulator, 137-si stasionar müalicəyə cəlb olunmuş, 65 nəfər isə Bakı şəhərinə ixtisaslaşdırılmış xəstəxanalara göndərilmişdir.
Müayinədən razılıq edən rayon sakini Əsbət Musayeva bildirmişdir ki, bugünkü tibbi müayinə sabahkı sağlamlığımız üçün çox vacibdir. Kürdəmir rayon sakini həmyerliləri adından dövlətimizin başçısına minnətdarlığını bildirmişdir.