CƏMİYYƏT
Kürdəmirin səhiyyə işçiləri peşə bayramlarını qeyd etmişlər
Bakı, 15 iyun (AZƏRTAC). Kürdəmirin səhiyyə işçiləri peşə bayramlarını qeyd etmişlər.
Tədbirdə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Nizami Feyzullayev çıxış edərək rayonun səhiyyə işçilərini peşə bayramları münasibətilə təbrik etmiş, onlar işlərində uğurlar arzulamışdır.
Bildirmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamına əsasən, hər il iyunun 17-si ölkəmizdə tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu əlamətdar günün təsis edilməsi ulu öndər Heydər Əliyevin səhiyyə işçilərinə, onların fədakar əməyinə, eləcə də əhalinin sağlamlığına göstərdiyi diqqət və qayğısının parlaq təzahürü idi.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra səhiyyədə radikal islahatların həyata keçirilməsi üçün zəruri olan qanunvericilik bazası təkmilləşdirilməsi və bu sahədə həyata keçirilən mühüm işlərdən söz açmışdır.
Natiq demişdir ki, Ümummilli Liderin başladığı işlər bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Dövlətimizin başçısının səhiyyə sahəsində müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasının, onların ən müasir avadanlıqlarla təchiz olunmasının, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatının və müalicəsinin, regionlarda diaqnostika mərkəzlərinin istifadəyə verilməsinin, xüsusilə uşaqların bütün tibbi xidmətlərə ən yüksək səviyyədə əhatə olunmasının başlıca istiqamətlərini təşkil edir.
Daha sonra çıxış edənlər Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsi əsasında ölkəmizdə həyata keçirilən əhalinin pulsuz tibbi müayinəsinin Kürdəmirdə də uğurla həyata keçirildiyini söyləmişlər.
Bir daha vurğulanmışdır ki, Kürdəmir səhiyyə işçiləri ölkə rəhbərliyinin qayğı və tələblərinə cavab olaraq öz işlərini günü tələbləri səviyyəsində quracaq, əhalinin sağlamlığı üçün əllərindən gələni əsirgəməyəcəklər.
Tədbir rayon incəsənət ustalarının konsert proqramı ilə başa çatmışdır.