LAÇINLILAR PREZİDENT İLHAM ƏLİYEVİ DƏSTƏKLƏYİR VƏ ONUN ƏTRAFINDA SIX BİRLƏŞİRLƏR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, fevralın 20-də Laçın Rayon İcra Hakimiyyətində ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun, Milli Məclisin deputatı Sevindik Hətəmovun, Prezidentin İcra Aparatının məsul əməkdaşı Rövşən Ağayevin iştirak etdiyi tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov 2007-ci ildə görülmüş işlər barədə məlumat vermişdir. Bildirmişdir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər uğurla həyata keçirilmiş, ölkə iqtisadiyyatının bütün sahələrində sürətli inkişafa nail olunmuşdur. Son 4 ildə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində də ciddi dəyişikliklər baş vermiş, Prezident İlham Əliyevin 2004-cü il iyulun 1-də imzaladığı “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” vaxtından əvvəl yerinə yetirilmiş, 2007-ci ildə sonuncu çadır şəhərciyi ləğv edilmişdir.
Natiq qeyd etmişdir ki, hesabat ilində rayon icra hakimiyyəti üçün inzibati bina, 121 saylı Laçın seçki dairəsi dairə seçki komissiyası, suvarma sistemləri və yol istismarı idarələri üçün inzibati binalar, YAP rayon təşkilatının qərargahı, 25 çarpayılıq xəstəxana tikilib istifadəyə verilmiş, Taxtakörpü və “Qayğı” qəsəbələrində abadlıq işləri aparılmışdır.Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədi ilə rayon su-kanal idarəsi yaradılmışdır. Son illər Beynəlxalq Humanitar Təşkilatlar tərəfindən Taxtakörpü ərazisindəki obalarda elektrik, içməli su xətlərinin, su-nasos qurğularının təmiri, kiçik körpülər salınması, ümumtəhsil məktəblərinin təmiri istiqamətində 38 mikrolayihə həyata keçirilmişdir.
İcra hakimiyyətinin başçısı məlumat vermişdir ki, ötən il rayonda əhaliyə 6,6 min manatlıq nəqliyyat, 223,3 min manatlıq ticarət, 20,3 min manatlıq rabitə xidməti göstərilmişdir. 623 yeni iş yeri açılmışdır. Bu, əvvəlki illə müqayisədə 107 iş yeri çoxdur. 32 kilometrlik yol təmir edilmişdir. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun xətti ilə Sadınlar obasına 5,1 kilometrlik, Hacılar obasına 4 kilometrlik çınqıl örtüklü yol, Qılışlı və Alxaslının 3 yaşayış məntəqəsinə yeni içməli su xətti çəkilmişdir. “Qaçqınkom”un köməyi ilə Vağazin obasında, Taxtakörpü və “Qayğı” qəsəbələrində transformatorlar quraşdırılmışdır.
2005 hektar sahədən 5969 ton taxıl götürülmüş fərdi və fermer təsərrüfatlarında 11584 sentner ət, 100367 sentner süd, 3183 sentner yun istehsal olunmuşdur ki, bu da əvvəlki ildəkindən xeyli çoxdur.
Natiq qeyd etmişdir ki, bu müddətdə rayonun təhsil, səhiyyə və mədəniyyət sahələrinə diqqət artmışdır. Məktəblərə 125 kompyuter alınıb verilmiş, 24 məktəbdə əsaslı təmir işləri aparılmış, onlar zəruri avadanlıqla təmin olunmuş, 5, 37 və 45 nömrəli məktəblər üçün yeni binalar tikilib istifadəyə verilmişdir. Büdcə vəsaiti hesabına 5 kənd xəstəxanası və 1 həkim ambulatoriyası təmir edilmiş, Qarıqışlaq kənd xəstəxanası üçün əlavə otaq tikilmişdir.
Vurğulanmışdır ki, rayonun 2008-ci il üçün büdcəsi 14,8 milyon manat təşkil edir. Bu, 2003-cü il illə müqayisədə 3,7 dəfə çoxdur.
Məruzə və çıxışlarda xüsusi qeyd edilmişdir ki, respublikamızın hər yerində olduğu kimi, Laçın rayonunda da dövlət başçısının çoxsahəli fəliyyəti, daxili və xarici siyasəti əhali tərəfindən yüksək qiymətləndirilir. Bəyan olunmuşdurki, laçınlılar qarşıdan gələn seçkilərdə ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan İlham Əliyevin namizədliyini yekdilliklə dəstəkləyəcəklər.
Çıxış edənlər bildirmişlər ki, laçınlılar həmişə olduğu kimi,bu gündə əsası ümummilli lider tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən davam etdirilən daxili və xarici siyasəti dəstəkləyir, onun ətrafında sıx birləşirlər.
Yığıncaqda cari ildə görüləcək işlərlə əlaqədar tədbirlər planı müzakirə edilmiş, müvafiq qərar qəbul olunmuşdur.
Baş nazirin müavini Əli Həsənov və Milli Məclisin deputatı Sevindik Hətəmov yığıncaqda çıxış etmişlər.
Sonda Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.