Lahıcda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib
İsmayıllı, 5 may, Rəşad Türkoğlu, AZƏRTAC
Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan İsmayıllının Lahıc qəsəbəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lahıc qəsəbə tam orta məktəbində İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbir "Ulu Öndərin irsindən ilham alan gələcək" devizi altında baş tutub. Tədbirdə RİH nümayəndələri, ətraf kəndlərin təhsil işçiləri, bölgənin tanınmış ziyalıları, ağsaqqalları və məktəbin müəllim-şagird kollektivi iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Çıxış edənlər Ulu Öndərin Azərbaycanın inkişafı yolunda gördüyü misilsiz işlərdən, təhsil və mədəniyyətə verdiyi dəyərdən danışıblar. Bildirilib ki, Heydər Əliyevin siyasi irsi bu gün də regionların sosial-iqtisadi tərəqqisində mühüm rol oynayır, gənc nəslin vətənpərvər, bilikli və bacarıqlı yetişməsinə ilham mənbəyidir.
Konsert proqramı ilə davam edən tədbirdə məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya da nümayiş olunub.