Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 40 sahibkara 529,5 min manat güzəştli kredit verilmişdir
Masallı, 15 noyabr (AZƏRTAC). Noyabrın 15-də Masallı rayonunun Ərkivan qəsəbəsində “Sahibkarlığın inkişafına dövlət dəstəyi” layihəsi çərçivəsində sahibkarlarla görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, görüşdən əvvəl İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev, nazirliyin sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov, Lənkəran regional bölməsinin müdiri Çingiz Məmmədov dövlətin güzəştli krediti ilə Masallı şəhərində illik istehsal gücü 5,2 min dəst olan mebel istehsalı müəssisəsinin, 3 hektar ərazidə yaradılmış faraş tərəvəz məhsulları yetişdirən istixana təsərrüfatının fəaliyyəti və 2 hektar ərazidə yaradılan istixana təsərrüfatında aparılan tikinti-quraşdırma işləri ilə tanış olmuşlar.
Tədbirdə güzəştli kreditlərin verilməsi mexanizminə, kreditin alınması üçün tələb olunan sənədlərə, elektron qeydiyyat sistemi və onun üstünlüklərinə dair treninq keçirilmiş, kiçik və ya orta həcmli çörək istehsalı və meyvə-tərəvəz emalı müəssisələrinin, kiçik cins heyvandarlıq təsərrüfatlarının və tikinti materiallarının istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı olmuşdur.
Tədbir çərçivəsində Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 40 sahibkara 529,5 min manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin həyata keçirilməsi 70-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaqdır.