CƏMİYYƏT
Lənkəran şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 11 nəfər saxlanılıb
Bakı, 25 oktyabr, AZƏRTAC
Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində 11 nəfər rayon sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a bildirilib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri İ.Quliyev, X.Hüseynov, İ.İbrahimov, N.Qasımov, K.Hüseynov, O.Məlikov, O.Məmmədzadə, Z.Quliyev, A.Cəfərov, T.Rəhimov və T.Qurbanov şəhər-rayon polis şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Axtarış zamanı onlardan hazır bükümlərdə narkotik vasitə heroin və elektron tərəzilər aşkarlanaraq götürülüb. Saxlanılan şəxslərdən T.Qurbanovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 6 evdən məişət əşyaları və təmir tikinti avadanlıqları oğurladığı müəyyənləşib.
Faktlarla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.