Lənkəranda əmək qanunvericiliyi və əməyin mühafizəsi mövzularında maarifləndirmə tədbiri təşkil olunub
Bakı, 1 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Lənkəranda “Əməkhaqqının ödənilməsinin formaları, qaydaları və əməkhaqqından tutulmalar”, “İş yerlərində əməyin mühafizəsi” mövzularına həsr olunmuş növbəti maarifləndirmə tədbiri keçirilib.
Bu barədə AZƏRTAC-a Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.
Tədbirdə Lənkəran-Astara regional şöbəsinin fəaliyyət dairəsinə daxil olan Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad və Yardımlı rayonlarında fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlardan 100-ə yaxın şəxs iştirak edib.
Maarifləndirmə tədbiri çərçivəsində iştirakçılara əməkhaqqının ödənilməsi formaları, əməkhaqqından tutulmaların qanunvericiliklə müəyyən edilmiş qaydaları, iş yerlərində əməyin mühafizəsinin təmin edilməsi, əməyin mühafizəsinin norma və prinsipləri, iş yerlərinin attestasiyasının keçirilməsi qaydaları, həmçinin bu sahədə tətbiq olunan dövlət standartları barədə ətraflı məlumat verilib. Eyni zamanda, sağlam və təhlükəsiz əmək mühitinin formalaşdırılmasını təşviq edən “Vision Zero” konsepsiyasının əsas prinsipləri iştirakçılara izah olunub.
Tədbir zamanı mövzular ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.