İQTİSADİYYAT
Lənkəranda ərzaq təhlükəsizliyi problemlərinə həsr olunmuş seminar keçirilmişdir
![Lənkəranda ərzaq təhlükəsizliyi problemlərinə həsr olunmuş seminar keçirilmişdir](/files/2013/3/1200x630/14071451215371055058_1200x630.jpg)
Bakı, 11 noyabr (AZƏRTAC). “Şəfəq” Ekoturizm İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Ərzaq təhlükəsizliyinin təmin olunmasında sahibkarların rolunun artırılmasına dəstək” layihəsi çərçivəsində “Ərzaq təhlükəsizliyi müasir dövrün qlobal problemidir” mövzusunda ilk seminarını Lənkəranda keçirmişdir.
İctimai birlikdən AZƏRTAC-a bildirmişlər ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə keçirilən seminarda 25-dən çox sahibkar və əlaqədar qurumların təmsilçiləri iştirak etmişlər.
Seminarı açan layihə rəhbəri Vamiq Babayev ərzaq təhlükəsizliyinin təmin olunmasında sahibkarların rolu, bu sahədə dünya ölkələrində mövcud vəziyyət, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın məqsədləri və bu sahədə görülən işlər barədə məlumat vermişdir. Seminarda “Ərzaq məhsullarının təhlükəsizliyi və keyfiyyətinə nəzarətin təşkili”, “Dövlət sərhədlərinin buraxılış məntəqələrində sanitariya və karantin mühafizəsi üzrə tədbirlər” və digər mövzularda çıxışlar olmuş, müzakirələr aparılmışdır.
Qeyd edək ki, layihə çərçivəsində növbəti seminarların Astarada, Masallıda və Cəlilabadda keçirilməsi planlaşdırılmışdır. Bundan sonra cənub regionunda kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyətinə yenicə başlayan və ya başlamaq istəyən 18 şəxs müəyyən ediləcək və onlar dekabr ayında Masallı və Cəlilabad rayonunda “Kənd təsərrüfatının inkişafında sahibkarlıq fəaliyyətinin səmərəli təşkili” mövzusunda keçiriləcək təlim və təcrübə proqramına cəlb olunacaqlar.