Lənkəranda koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri gücləndirilib
Lənkəran, 14 avqust, Bağır Əliyev, AZƏRTAC
Lənkəran rayonunda COVID-19 pandemiyasına qarşı mübarizə tədbirləri gücləndirilib. Xəstəliyin geniş yayılmasının qarşısının alınması məqsədilə rayonda bütün qüvvələr səfərbər olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətində yaradılmış operativ qərargahın üzvləri və mobil qruplar tərəfindən rayon ərazisində pandemiya ilə bağlı vəziyyət müntəzəm olaraq öyrənilir, karantin qaydalarına düzgün riayət olunmasına nəzarət olunur, izahat-təbliğat işləri davam etdirilir.
Pandemiya mənbəələrinin yaranmasına imkan verməmək üçün şəhər təsərrüfatına daxil olan xidmət idarələrinin maşın-mexanizmləri və texniki avadanlıqları vasitəsilə şəhərin küçələri, çoxmənzilli yaşayış binalarının ətrafları, giriş hissələri, zirzəmilər, pilləkən qəfəsləri, insanların çox toplaşdığı yerlər, avtobuslar mütəmadi olaraq kimyəvi məhlullarla dezinfeksiya olunur.
Rayon ərazisində fəaliyyət göstərən şadlıq saraylarında, ictimai iaşə müəssisələrində, ictimai nəqliyyatda xüsusi karantin rejiminin qaydalarına əməl olunması, tibbi maska və qoruyucu vasitələrdən müntəzəm istifadə, sosial məsafənin gözlənilməsi vəziyyətini daim nəzarətdə saxlamaqdan ötrü reydlər keçirilir, sahibkarlarla izahat işləri aparılır, qayda pozuntularına yol verən subyektlərə qarşı sərt tədbirlər görülür, xəbərdarlıq edilməklə cərimələnirlər.
Rayon Mərkəzi Xəstəxanasında və digər tibb müəssisələrində əhalinin vaksinasiyası da davam etdirilir.