Lənkəranda kümçülərə ipəkqurdu toxumu paylanılıb
Lənkəran, 6 may, İsmayıl Cəfərli, AZƏRTAC
Lənkəranda kümçülərə ipəkqurdu toxumu paylanılıb.
AZƏRTAC xəbər verir ki, son illər ölkəmizdə kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın inkişafı istiqamətində Lənkəranda da mühüm işlər görülür. Ötən il Lənkəran rayonunda kümçülərə 210 qutu ipəkqurdu verilmişdi ki, bundan da 8 tondan artıq yaş barama əldə olunmuşdu. Bu il isə rayona bölgü əsasında 200 qutu ipəkqurdu toxumu gətirilərək, 46 kümçü arasında paylanılıb. Rayonun yaşayış məntəqələrində fəaliyyət göstərən kümçülərə kümxanaların hazırlanmasında qabaqcadan mütəxəssislər tərəfindən təlimatlar verilib.
Kümçü Məmməd Səfərov bildirib ki, baramaçılıqla Kərgəlan ərazisində məşğul olur. O, keçən il 162 kiloqram məhsul əldə edib: “Bu, çox yaxşı nəticədir. Bu il də eyni nəticəni əldə etməyi düşünürük. Yerləri hazırlamışıq, bütün məsələlər həll olunub. İstilik, rütubət məsələləri. Gözləyirik ki, yaxşı nəticə əldə edək”.
Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Tofiq Rzayevlə söhbət zamanı deyib ki, baramaçılığın inkişafına dair 2018-2025-ci illəri əhatə edən Dövlət Proqramına əsasən, hər il Çin Xalq Respublikasından ipəkqurdlarının toxumları ölkəyə gətirilir. Toxumlar Qax Damazlıq İpəkçilik Stansiyası və digər müəssisələrdə inkubasiyaya qoyulub, sonradan kümçülərə paylanılması məqsədilə rayonlara göndərilib. “Güman edirəm ki, kümçülərimiz təcrübəli olduğundan bu il də planı artıqlaması ilə yerinə yetirəcəyik”, - deyə o əlavə edib.
Qeyd edək ki, kümçülərlə imzalanan müqaviləyə əsasən, istehsal olunmuş yaş baramanın 1 kiloqramı 5 manata təhvil alınır, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 6 manat subsidiya ödəyir.