Lənkəranda müəllimlər üçün regional forum: xarici dil tədrisində yeni yanaşmalar
Bakı, 18 may, AZƏRTAC
Bakı Slavyan Universitetinin (BSU) “Müasir dillər” layihəsi çərçivəsində Lənkəran-Astara Regional Təhsil İdarəsi ilə birgə Lənkəran şəhərində Xarici Dil Müəllimlərinin III Regional Forumu keçirilib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, forum Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin bir qrup xarici dil müəllimini, təhsil mütəxəssislərini və akademik heyəti bir araya gətirərək müasir tədris yanaşmalarının müzakirəsi üçün mühüm platforma rolunu oynayıb. Tədbir çərçivəsində xarici dil tədrisinin aktual problemləri, innovativ metodların tətbiqi və müəllim hazırlığının keyfiyyətinin artırılması məsələləri geniş müzakirə olunub.
Forumda çıxış edən BSU-nun rektoru Anar Nağıyev bildirib ki, universitet əsasən pedaqoji kadr hazırlığı istiqamətində fəaliyyət göstərsə də, onun fəaliyyəti daha geniş spektri əhatə edir. BSU-da 11 dil üzrə müxtəlif ixtisaslarda kadr hazırlığı həyata keçirilir.
Rektor vurğulayıb ki, forumun əsas məqsədi xarici dil müəllimlərinin məktəblərdə daha səmərəli fəaliyyət göstərə bilməsi üçün mövcud ehtiyacları müəyyənləşdirməkdir. Bu görüşlər vasitəsilə ümumtəhsil məktəblərində çalışan müəllimlərin müasir dövrün tələbləri, tədris texnologiyaları və ehtiyac duyulan bilik və bacarıqlarla bağlı fikirlərinin öyrənilməsi nəzərdə tutulur.
Anar Nağıyev forum çərçivəsində müəllimlərlə ali təhsil müəssisələri arasında davamlı əməkdaşlıq və peşəkar şəbəkələşmənin formalaşdırılmasının vacibliyini də diqqətə çatdırıb.
Müəllim peşəsinin cəmiyyətdəki roluna da toxunan rektor Azərbaycan müəlliminin ölkənin inkişafında mühüm missiya daşıdığını vurğulayıb. O qeyd edib ki, müəllimlərin yetişdirdiyi gənclər dövlətin gələcəyinin qurulmasında mühüm rol oynayırlar və müəllimlər bu məsuliyyətli vəzifəni böyük peşəkarlıq və fədakarlıqla yerinə yetirirlər.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov çıxışında forumun keçirilməsinin əhəmiyyətini qeyd edərək, belə platformaların müəllimlərin peşəkar inkişafına və tədris keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verdiyini bildirib.
Daha sonra forum çərçivəsində Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin bir qrup xarici dil müəllimi çıxış edərək öz fikir və təkliflərini səsləndirib.