Lənkəranda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 12 nəfər tutulub
Bakı, 15 noyabr, AZƏRTAC
Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini S.Rəhmanlı saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a bildiriblər ki, axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb. Araşdırmalarla onun narkotik vasitəni əldə etdiyi şəxsin rayon sakini X.Əzimov olduğu müəyyənləşdirilib. O, polis əməkdaşları tərəfindən saxlanılıb. X.Əzimovun üzərindən 38 qramdan artıq heroin aşkarlanaraq götürülüb.
Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq X.Əzimovun narkotik vasitəni əldə etdiyi mənbə də müəyyənləşdirilib. Araşdırmalarla onun Lənkəran sakini V.Qurbanov olduğu müəyyən edilib. Axtarış zamanı ondan 61 qramdan artıq heroin, 11 qramdan çox psixotrop maddə - metamfetamin və bir elektron tərəzi aşkarlanaraq götürülüb.
Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha doqquz nəfər - Z.Novruzov, Z.Əliyev, C.Bəşirov, N.Ağayev, V.Əlizadə, T.Yusubzadə, Ü.Rəhimli, M.Əbilov, F.Məmmədov da yaxalanıb. Onlardan hazır bükümlərdə qablaşdırılmış narkotik vasitə - heroin və elektron tərəzilər aşkarlanıb.
Faktlarla bağlı araşdırma aparılır.